Tehran və Moskva arasındakı gərginlik
Bölmə: Dünya › ,Tarix: 21:45 18.11.2024
Tehran və Moskva arasında son vaxtlar yaşanan gərginlik beynəlxalq arenada diqqət çəkməyə davam edir. İki ölkə arasında illərlə davam edən strateji tərəfdaşlıq münasibətləri bu günlərdə qeyri-müəyyənliklərlə üz-üzədir. Baş verən hadisələr regionda yeni dinamika yaradır və vəziyyətin necə inkişaf edəcəyi maraq doğurur.
Bəs Tehran və Moskva arasındakı hazırkı gərginliyin əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov Tehran və Moskva arasındakı gərginliyin bir neçə istiqamətdə davam etdiyini bildirib:
"Birinci istiqamət Cənubi Qafqazda Zəngəzur dəhlizinin açılması məsələsidir. Moskva tərəfi hər vəchlə dəhlizin qısa zamanda açılmasını istəyir. Rusiyanın istəyi Üçtərəfli bəyanatın şərtinin yerinə yetirilməsidir. Şərtdə qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətində maneəsiz bir keçid açılmalıdır. İran isə bu dəhlizin açılmasında maraqlı deyil. Çünki İran bilir ki, bu dəhliz açılarsa, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri bərpa olunarsa, bu, İranın regiondakı geostrateji üstünlüyünün üstündən xətt çəkəcək".
Politoloq bu məsələdə İranın mənafeyini də şərh edib:
Məlum məsələdir ki, uzun illər ərzində iki ölkə arasında yaxşı münasibətlərin olmamasından ən çox faydalanan ölkələrdən biri məhz İran olmuşdur. Məsələn, Naxçıvana elektrik enerjisi və qazın Azərbaycan-İran üzərindən təmin olunmasına şərait yaradıb. Eyni zamanda, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı, İran və Gürcüstanla açıq olduğundan ticarətini yalnız bu iki ölkə vasitəsilə həyata keçirib. Xüsusilə elektrik enerji və qaz təchizatını İran vasitəsilə təmin edib".
Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlı hər iki dövlət arasında müxtəlif fikirlər də mövcuddur:
"Digər tərəfdən, düşünürəm ki, Avropa İttifaqı ilə bağlı Rusiya və İran arasında fikir ayrılıqları var. İran Aİ ilə əlaqələrin tərəfdarıdır. Hətta nüvə danışıqlarına başlamaq niyyətini də gizlətmir. Amma sözsüz ki, Rusiya İranın bu mövqeyindən narazıdır. Rusiya istəyir ki, İran birmənalı şəkildə şərq cəbhəsində qərbə qarşı yer alsın. Bu da tərəflər arasında fikir ayrılığına səbəb olur".
"Düşünmürəm ki, bu fikir ayrılığı ciddi küskünlüyə yol açar. Vaxt aşırı belə fikir ayrılıqları mövcud ola bilər və bunları da diplomatik yollarla həll etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hər iki ölkə arasında strateji anlaşma imzalanması gözlənilir. Bu isə iki ölkə arasında olan ümumi maraqların, onları ayıran fikir ayrılıqlarından daha əhəmiyyətli olduğunun göstəricisidir. Əsas odur ki, həm Rusiya, həm də İran qərbə qarşı vahid cəbhə almaq niyyətindədir. Hər iki tərəf ABŞ-ın regionda qüvvətlənməsini və möhkəmlənməsini istəmir və bunun üçün hər şeyə əl atırlar",-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəhra Məmmədova