"Silahlanma və texnoloji inkişaf sahəsindəki rəqabət müsbət nəticələr vəd etmir..."
Bölmə: Dünya › ,Tarix: 16:49 19.11.2024
"Qlobal güclərin rəqabəti beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr vəd etmir".
Politoloq Samir Hümbətov "İnformator.az" saytına verdiyi müsahibədə dünya gücləri arasındakı rəqabət və bunun beynəlxalq ictimaiyyətə təsiri barədə vacib məqamları vurğulayıb.
Onun sözlərinə görə, qlobal miqyasda güclü rəqabət davam edir:
" Çin, ABŞ və Avropa İttifaqı texnoloji və hərbi inkişaf yarışındadır. Hindistan texnoloji baxımdan, Türkiyə və Yaponiya isə həm regional güc, həm də hərbi potensialları ilə diqqət çəkir.
Türkiyənin iqtisadi vəziyyəti Avropa ilə münasibətlər, Suriya və İraq antiterror əməliyyatları ilə birbaşa bağlıdır. ABŞ-ın terrorçularla mübarizədə Türkiyəyə mane olmaq üçün yaratdığı maliyyə təzyiqləri bu problemi daha da dərinləşdirir".
Politoloq, Asiya və Avropada silahlanmanın sürətlə artmasına diqqət çəkib:
"Çin sürətlə hərbiləşir, ABŞ isə Yaponiyanı, Cənubi Koreyanı və Avstraliyanı silahlandıraraq bölgədə güc balansını dəyişməyə çalışır. Avropa İttifaqı isə gəlirlərinin azalmasına baxmayaraq, Ukraynanı silahlandıraraq müharibəni özündən uzaq tutmağa çalışır.
Hazırda qlobal liderlik heç bir ölkənin tam nəzarətində deyil. Silahlanma və texnoloji inkişaf sahəsindəki rəqabət isə ümumi beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr vəd etmir".
Xanım Ağamalıyeva