Yabanı heyvanların qorunması : Ovçuluq və qaçalmalçılıq
Bölmə: Sosial › ,Tarix: 19:17 20.11.2024
Yabanı heyvanların qorunması dünya miqyasında ciddi bir əhəmiyyət kəsb edir. Ovçuluq və qaçaqmalçılıq bu sahədə böyük təhdidlərdən biridir. Nadir növlərin ovlanması və qeyri-qanuni ticarəti heyvan populyasiyalarının azalmasına və bəzi növlərin tamamilə yox olmasına səbəb olur.
Nadir növlərin qorunması üçün hansı beynəlxalq və milli tədbirlər həyata keçirilir?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli "İnformator.az"a açıqlamasında bildirib ki, nadir növlərin qorunması üçün "Qırmızı kitab" var:
" Bu həm ayrı-ayrı dövlətlərindi, həm də Dünyada qorunan heyvan və bitki növləri var ki, ora bu canlılar, həşəratlar, bitki növləri salınır və onların qırılması, vurulması, oğurlanması, öldürülməsi qadağandır. Bizim ölkədə yanılmıramsa artıq bir neçə onildir ki, Qırmızı Kitab çap olunmur və Qırmızı kitaba daxil edilən biomüxtəliflikdən xəbər yoxdur. Yəni heyvan və bitki növlərindən xəbər yoxdur. Dünyanın hər yerində ovçuluq var, davam edir, amma ovçuluq bir qanunla davam eləyir, bir mədəniyyətlə davamb edir. Nə yazıq ki, müstəqillik dönəmində uzun müddət bizim ölkəmizdə ovçuluq haqqında heç bir qanun tətbiq olunmadı. Bizim ölkədə son illərə qədər ovçuluq qadağan idi. Ovçular pulu verib heyvanları vəhşicəsinə yox elədilər, soyqırıma məruz qoydular. Mən buna Xızını, Şamaxını, Qobustanı, Bakıya yaxın ərazilərdə Şabranı, dağətəyində, dağlarda olan bir çox heyvan quş növlərini misal çəkə bilərəm. Bir də qanunla qadağan olunmasına baxmayaraq Ərəbistandan ərəb qonaqlarımız gəldilər, heyvan və quş növlərimizi məhv elədilər.
Ov çox gözəl mədəniyyət növüdür. Amma sezonunda olmalıdı. Hər bir növün, quşun, heyvanın, ovlanma dövrü nəzərə alınmalıdır və onların artım dövrü nəzərə alınmalıdır".
Ekoloq sözlərində, Azərbaycanda bildirçin ovlamağın qadağan olduğunu da qeyd edib :
" Qanunla ovlanmağa icazə vermirlər. Amma dünyanın bütün ölkələrində ovçuluq var, ovçuluğun da sezonu var. Məsələn, noyabr ayında kəklik ovuna icazə verilir, həftənin iki günü, həftəsonları, hər ovçuya icazə verilir. O baxımdan, yəni bizim ovçuluqla bağlı ciddi problemlərimiz var, yaban heyvanlarının, quşlarının populyasiyalarının qorunmasında heç bir Beynəlxalq məsuliyyəti yerinə yetirmirik və planlar da gerçəkləşdirmirik. Məsələn, mən Biosfer İctimai birliyi olaraq, hələ bundan 20- 21 il əvvəl, bir layihə gerçəkləşdirmək istədim, həmin layihə köçəri quşlarla bağlıydı. Maliyyələşdirən olmadı deyə alınmadı. Bu məsələ çox uzun məsələdir, çox ciddi bir məsələdir, bizim hələ də boşluq olan bir çox sahələrimiz kimi, ovçuluqla bağlı da ciddi problemlərimiz var".
Qüdrət Məmmədova