Pensiyalar və minumum əməkhaqqılar artırılacaq
Bölmə: Sosial › ,Tarix: 17:18 21.11.2024
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ölkə başçısı növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcəyini vurğulayıb.
Bu hansı islahatlar olacaq?
Pensiyalar və əməkhaqqılar təxmini nə qədər artırıla bilər?
Mövzu barəsində deputat Naqif Həmzəyev ‘’informator.az’’a açıqlamasında bildirib ki, əgər biz Azərbaycan dövlət büdcəsinə nəzər yetirsək görərik ki, Azərbaycan hökuməti sosialyönümlü siyasət yeridir və hər ötən il sosial xərclərin həcmi artırılır:
‘’2025-ci ildə sosial layihələrə diqqətin artırıldığını və büdcənin bu sahəyə daha çox yönəldiyinin bir daha şahidi olacayıq. Bütün bunlarla yanaşı biz unutmamalıyıq ki, biz uzun illərdir sosial siyasətlə bağlı bir çox dəyişikliklər həyata keçiririk və növbəti il biz bu dəyişikliklərin məntiqi nəticəsini daha çox hiss etməyə başlayacayıq. Bu baxımdan da biz növbəti il sosial islahatların daha aktiv reallaşmasını görə biləcəyik. Bütün bunlarla yanaşı təbii ki, biz sosial xərclərin daha çox olmasını istəyərik. Sosial təminata ehtiyacı olan vətəndaşlarımızın ehtiyacı daha çox qarşılansın, daha çox faydalı olsun. Lakin, istənilən halda unutmamalıyıq ki, bütün bunların hər biri öncədən planlaşdırılır. Çünki digər sahələr var ki, orada mütləq xərclər yönləndirilməlidir və biz bütün vətəndaşların problemlərinin həllində ədalətli çıxış etməliyik’’.
Deputat qeyd edib ki, Azərbaycan hökuməti bu sahədə çox böyük işlər görür:
"Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında həm şəhid ailələrinin sosial qayğılarının qarşılanması, həm də müharibə iştirakçılarının, veteranların sosial problemlərinin həll edilməsinə diqqət edirlər. Bütün bunlarla yanaşı həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi iştirakçılarının müalicələrinin təşkili və xidmətlərin həyata keçirilməsi ən yüksək səviyyədə reallaşdırılır".
‘’Həm şəhid ailələrinin məişət ehtiyaclarının qarşılanması, həmçinin müharibə iştirakçıları və qazilərimizin avtomobillərlə təmin edilməsi məsələsi dövlətin sosialyönümlü siyasətində öncəlik təşkil edir. Bütün bunlarla yanaşı fiziki qüsurlu şəxslər var ki, onların da həm sağlamlıqlarının qorunması, xüsusi müalicələrin alınması, onlara müxtəlif xidmətlərin göstərilməsi həyata keçirilir. Və mən inanıram ki, 2025-ci ildə bu işlər daha geniş vüsət alacaqdır, sosial qayğıya ehtiyacı olan insanlar üçün biz işlərimizi daha da gücləndirəcəyik. Müavinətlərin, təqaüdlərin vaxtı-vaxtında verilməsi hər zaman həyata keçirilib, 2025-ci ildə də bu işlərin davamını görəcəyik. Xüsusi ilə də, gələn ildən pensiyaların indeksləşdirilməsi planlaşdırılır ki, bu da həm pensiyaların artılırmasına, həm də pensiyaların hesablanmasının daha ədalətli olmasına gətirib çıxaracaq’’.
Naqif Həmzəyəv bildirib ki, veteranlara verilən müavinətin az olması ilə bağlı məsələni dəfələrlə qaldırdıq. Biz də istəyərdik ki, bu məbləğ artırılsın:
‘’Hazırda 80 manatdır, ən azından bunun 100-110 manat civarında olmasını ümid edirik. Ancaq, ümumilikdə bu müavinət minumum əməkhaqqının səviyyəsinə qaldırılması yaxşı olardı. Bu işlər üçün mütləq maliyyə mənbəyi tapılmalıdır. Ekspertlər, adiyyatı qurumlar tərəfindən araşdırılır. Ümid edirik ki, Azərbaycan hökuməti bunu da reallaşdıracaqdır’’.
Sevinc Yarməmmədova