Xəyal və reallıq arasındakı əlaqə- balansı necə saxlamaq olar?

Bölmə: Sosial › ,
Tarix: 18:26 21.11.2024

Uşaqlar oyunlar vasitəsilə xəyallarını reallaşdıraraq travmalarını sağalda bilirlər. Lakin yetişkinlərdə reallaşmayan xəyallar psixoloji problemlərə yol aça bilər. Xəyalların hədəfə çevrilməsi və reallıqla balansın qurulması sağlam inkişaf üçün vacibdir.

 

Bu barədə psixoloq Sibel Piriyeva "informator.az"a açıqlamasında bildirib ki, xəyal qurmaq sağlam zəkanın göstəricisidir:

 

"Uşaqların yetişkinlərdən fərqli olaraq təxəyyülləri daha güclüdür. 

Təxəyyül nədir? Təxəyyül xəyal etmək və öz zehinlərində yeni şeylər yaratmaq qabiliyyətidir. Məsələn, bir uşaq astronavt olmaq istəyirsə, bunu oyun vasitəsilə gerçəkləşdirir. Bu yolla uşaqlar bəzən travmalarını öz-özlərinə sağalda bilirlər. Ümumiyyətlə, xəyallar nə qədər geniş olursa bir o qədər uşağın zəkasına müsbət təsirləri olur".

 

Psixoloq gerçəkləşməyən xəyalların insan psixologiyasında mənfi təsirlərindən də danışıb:

 

"Lakin yetişkin insanlarda bu proses fərqli şəkildə işləyir. İnsan beyni həqiqət ilə xəyalı ayırd edə bilmədiyi üçün uşaqların oyunlarını real həyat hadisəsi kimi qəbul edir. Beləliklə, uşaqların xəyalları oyun prosesi zamanı reallaşmış kimi görünür və onların zehni sağlamlığına mənfi təsir etmir.

Yetişkinlərdə isə gerçəkləşməyən xəyallar ruh düşkünlüyü, özgüvənsizlik, ümidsizlik, ən pis halda isə depressiyaya səbəb ola bilər".

 

O, həmçinin, reallıqla xəyallar arasında balans yaradılmasının vacibliyini də vurğulayıb:

 

"İnsan reallıqla xəyallar arasında balans yaratmaq üçün ilk növbədə özünü dərk etməlidir. Öz potensialının fərqində olmalı, bilik və bacarıqlarını tanımalıdır. Xəyallar bu bilik və bacarıqlar üzərində qurulmalı və hədəfə çevrilməlidir. Əgər xəyallar hədəfə çevrilməzsə, onlar sadəcə xəyal olaraq qalacaqdır".

 

Nuray Qurbanlı