Suriyalı nazir Rusiya bazalarının ölkədə saxlanılması şərtlərini açıqlayıb
Bölmə: Siyasət › ,Tarix: 18:01 07.02.2025
Rusiya tərəfi Hmeymim və Tartus bazalarını o halda saxlaya bilər ki, bu, Suriya üçün faydalı olsun. Bunu Suriyanın müdafiə naziri Marhaf Əbu Kasra bildirib.
"Əgər bundan Suriya üçün fayda əldə edəcəyiksə, o halda bəli", - nazir The Washington Post qəzetinə müsahibəsində söyləyib.
Bundan başqa, onun sözlərinə görə, Bəşər Əsədin Suriya prezidenti vəzifəsindən getməsindən sonra Moskvanın yeni hökumətə münasibəti "xeyli yaxşılaşıb".
Kasra həmçinin qeyd edib ki, Dəməşq hazırda müxtəlif ölkələrlə müdafiə sazişləri imzalamaq imkanlarını nəzərdən keçirir.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Suriyada artıq yeni dönəm başlayır:
" Suriyanın əsas müttəfiqi Türkiyədir. Suriyanın əməkdaşları ilk öncə BƏƏ-yə, daha sonra isə Türkiyəyə səfər etdilər. Türkiyə Suriyaya bütün köməklikləri edəcəyini bildirdi.
Burada bir neçə məqam var. İsrail Suriyanın bəzi ərazilərini işğal edib. Bu məsələlər diplomatik yolla həll edilməlidir. İsrailin müdafiə naziri bildirib ki, "biz Suriya ərazilərindən çıxmayacağıq". Yəni Suriyada vəziyyət həddən artıq gərgindir. Onlara sadəcə Türkiyə dəstək ola bilər. ABŞ qüvvələri isə bildirdi ki, öz silahlı qüvvələrini oradan çıxaracaqlar.
Hmeymim və Tartus bazalarından Rusiyanın bir çox hərbi qurğuları çıxarıldı. Rusiyanın XİN orada müəyyən danışıqlar apardı. Baş verəcək bütün hadisələr danışıqlardan asılıdır. Hesab edirəm ki, bu danışıqlara da Türkiyə dəstək verəcək".
Politoloqun sözlərinə görə, Rusiyanın həmin bazalardan istifadə etməsi Suriyaya həm iqtisadi, həm də hərbi cəhətdən kömək edə bilər:
"Müdafiə naziri Kasranın sözlərinə görə, Rusiya-Suriya münasibətləri artıq əvvəlki kimi Rusiya-Bəşər Əsəd münasibətləri deyil. Hətta yeni hakimiyyət Bəşər Əsədi geri istəyir. Onlar Bəşər Əsədin "əlinə keçirdiyi" təbii sərvətləri geri istəyirlər. Buna görə Rusiya bu danışıqlarda mühüm rol oynayır.
Suriya bir ərəb ölkəsidir. O, təbii sərvətlərlə zəngindir. Buna görə ölkəyə göz dikənlər həddən artıq çoxdur. Suriya bu çətin ərəfədən məhz Türkiyə və ərəb ölkələrinin köməyi ilə çıxacaq və nümunəvi bir dövlət olacaq".
Aygün Babayeva