Kəndlərdə bankomat problemi: sakinlər əlavə xərclərlə üzləşir
Bölmə: Sosial › ,Tarix: 17:49 07.02.2025
Bir-birinə yaxın olan minlərlə kənddə, əhalinin sayı minlərlə olsa da, pul vəsaitlərinin çıxarılması üçün bankomatlar yoxdur. Məsələn, Şəkinin Vəzələt, Orta Zəyzid və Qırx Bulaq kəndlərində bu problem müşahidə olunur. Sakinlər bildirirlər ki, bankomatların olmaması səbəbindən rayon mərkəzinə getməyə məcbur olurlar. Bu isə həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur.
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, bu problem bankların yüksək xərc çəkmək istəməməsi ilə bağlıdır:
"Banklar pensiya və müavinət dövrlərində vəsait çıxarışı üçün bankomat açmaqda maraqlı olmurlar. Çünki bankomatların saxlanması və onlara qulluq edilməsi əlavə xərclər tələb edir.
Birinci həll yolu odur ki, insanlar aldıqları pulu əsasən nağdsız ödənişlərdə istifadə etsinlər. Digər alternativ isə poçt şöbələrinin və ya birgə bankomat sistemlərinin tətbiqidir. Azərpoçtun xidmətlərindən istifadə etməklə və ya bir bankın həmin kənddə bankomat quraşdırıb digər bankların da bu bankomat vasitəsilə vəsait çıxarışına icazə verməsi ilə məsələ həll edilə bilər. Bunun üçün banklar arasında müəyyən razılaşmalar olmalıdır".
Müsahibimiz sözlərində məsələnin həlli üçün hansı addımlar atılmalı olduğunu da qeyd edib:
"Mütəxəssislər və sakinlər hesab edirlər ki, bu problemin həlli üçün banklar və aidiyyəti qurumlar konkret tədbirlər görməlidir.
Mobil bank xidmətlərinin və səyyar bankomatların tətbiqi – Müəyyən dövrlərdə, xüsusən də pensiya və müavinət ödənişləri zamanı səyyar bankomatların kəndlərə göndərilməsi mümkündür.
Alternativ sistemlərin qurulması – Kəndlərdə rəqəmsal ödəniş sistemlərinin, POS terminalların artırılması və insanların nağdsız ödənişlərə təşviq edilməsi bu problemin uzunmüddətli həllinə kömək edə bilər.
Azərpoçtun imkanlarından istifadə – Kənd poçtları vasitəsilə nağd pul çıxarışının təmin edilməsi də bir çıxış yolu ola bilər.
Ekspertlər hesab edirlər ki, problemin tam həlli üçün aidiyyəti dövlət qurumları, banklar və yerli icra orqanları arasında koordinasiya gücləndirilməlidir".
Nərgiz Orucova