Qız qaçırma adam oğurluğu hesab edilirmi ?-MÜTƏXƏSSİS AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:50 03.12.2024
Bir zamanlar ən çox rast gəlinən problemlərdən biri adam oğurluğu altında qız qaçırma idi. Bu problem indiki dövrümüzdə əvvəlki qədər olmasa da, hələ də bəzi bölgələrdə bu hal davam edir.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, qız qaçırtma adam oğurluğu hesab edilir və sanksiyası çox zalımdır:
“Əvvəllər cinayət məcəlləsində adam oğurluğu ilə bağlı ayrıca maddə var idi. O ayrıca məsuliyyət yaradırdı. Amma indi 144-cü maddədə dəyişikliklər olub. Həmin dəyişikliklərə əsasən, hətta evlənmək məqsədi ilə qız qaçırma adam oğurluğu hesab olunur. Əvvəlcədən əlbir olan bir qrup şəxs halında niyyəti adam oğurlamaq, əvəzində kimlərəsə qanunsuz təsir etmək və ya pul, maddi nemətlər tələb etmək cinayəti ilə evlənmək üçün qız qaçırtmaq hərəkəti arasında qanunvericilik heç bir fərq qoymur. Hər ikisini adam oğurluğu hesab edir”.
Hüquqşünas cinayətin cəza müddətindən və cəzasından danışıb:
“Həmin cinayətə görə maddənin sanksiyası 10 ildən başlayır. Ağır cinayət hesab olunur. Bu maddənin sanksiyası işin faktiki əsaslarından asılıdır. Yəni qız qaçırtmaq bəyənilən əməl deyil. Lakin tarixin müəyyən dönəmində adət olub. İndi də cənub zonasında adətdir. Bu qanuna yazılmayan adətdir. İndiki dövrlə uzlaşmayan haldır. Qız razı deyilsə, onun iradəsinin əleyhinə qaçırılırsa, bu adam oğurluğudur. Lakin qız qaçıran şəxslə qaçırılan tərəf sonradan barışığa gələrsə, dəyilən ziyanın düzəlməsi ilə bağlı ərizə verilərsə, hətta ailə belə qurularsa, bu həmin şəxsi məsuliyyətdən azad etmir. Sadəcə alternativ daha yüngül cəzalar tətbiq olunur”.
Kəmalə Vəliyeva