Yağışlı havada avtomobil idarəetmə təhlükəsizliyi
Bölmə: Sosial › ,Tarix: 21:55 03.12.2024
Yağışlı havada avtomobil idarə etmək sürücülərdən xüsusi diqqət və təcrübə tələb edir. Bu şəraitdə yolların sürüşkən olması, görünüşün azalması və digər təhlükələrin artması səbəbindən hər bir sürücü maksimum ehtiyatlı olmalıdır.
Mövzu ilə bağlı “informator.az”a açıqlaması zamanı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, sürücülər elan olunmuş sürət limitinə əməl etməlidirlər:
“Yağışlı və qarlı havada sürət həddi 20 km/saat aşağı salınmalıdır. Həmçinin mövsümə uyğun təkərlərdən istifadə olunmalıdır. Yaydan qışa keçərkən təkərlərin dəyişdirilməsi vacibdir. Bu, sürüşmə riskini minimuma endirir. Şəhər şəraitində isə infrastrukturda sürəti azaldan həllərə üstünlük verilməlidir. Çünki pis hava şəraitində qəza qaçınılmaz ola bilər. Lakin əsas məsələ qəzanın ölümlə nəticələnməməsidir”.
Ekspert təhlükəsizlik üçün əsas qaydaları da vurğulayıb:
“Bunun üçün dünyada məşhur olan “Vision Zero” konsepsiyası, yəni ölüm hallarına sıfır dözümlülük siyasətinə uyğun olaraq, sürəti azaldan həlləri tətbiq etməliyik. Yəni 2 zolaqdan artıq küçə və prospektlərdə, keçidlərdə təhlükəsizlik təmin olunmalı, işıqlandırılma səviyyəsi yaxşılaşdırılmalıdır. Məktəb və bağçaların önündən keçiriksə, orada keçid varsa, “Berlin yastıq”ları qurulmalıdır ki, fiziki olaraq sürücü o ərazidən sürətli şəkildə keçməsin. Təhlükəsizlik əsaslı şəkildə təmin olunmalıdır. Həmçinin bu tədbir istənilən hava şəraitində hansısa riski minimumlaşdıracaq. Həmçinin sürücülər magistral və region yollarında da bu qaydalara əməl edərək təhlükəsizliklərini təmin etməlidirlər”.
Türkanə Meşədiyeva