Saxta qızılı orjinaldan necə ayırd etmək olar ?

Bölmə: Sosial › ,
Tarix: 19:54 03.12.2024

Qızılın qiyməti gündən-günə bahalaşır. Lakin insanlar qızıl almağa ehtiyyat edirlər. Düşünürlər ki, birdən saxta olar. 

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası idarə heyətinin üzvü - sədrin müavini Rövşən Əmircanov bildirib ki, dünya qızıl birjasında baş verən dəyişikliklər Azərbaycanın da qızıl bazarında qiymətlərin artmasına əsas verir:

 

“Biz Azərbaycan Zərgərlər Assosiasiyası olaraq vətəndaşları lisenziyalı və etibarlı mərkəzlərin xidmətlərindən istifadə etməyə dəvət edirik. Qiymətli metalların əyarını və kefiyyətini təsdiq edən müvafiq sənəd və sertifikatların mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər məhsulun əyarını və kefiyyətini təsdiqləyir, istehlakçıların daha etibarlı seçim etməsinə şərait yaradır və onların hüquqlarının qorunmasına xidmət edir. Məmulatın əyarını yoxlatmaq, onun 585, 750 və ya 999.9 əyar nişanları ilə qeyd olunmasını təsdiqləyən sənədləri tələb etmək lazımdır. Qızılı laboratoriyada və peşəkar mütəxəssislərə yoxlatmaq saxtakarlığın qarşısını almaq üçün uyğun üsullardan biridir”. 

 

Müsahib, saxta qızılı keyfiyyətli məmulatlardan necə ayırd etməkdən də danışıb:

 

“Kimyəvi testlər vasitəsilə məmulatın keyfiyyətini yoxlamaq olur. Bunun üçün akkreditasiyadan keçən laboratoriyalara müraciət etmək lazımdır. Qızılın tərkibini labotoriyada yoxladaraq onun həqiqi tərkibini, qatqıları haqqında məlumatları öyrənmək olar. Rəsmi mənbələrdən qiymətlər öyrənmək vacibdir. Dünya bazarındakı cari qızıl qiymətləri ilə yerli bazardakı qiymətləri müqayisə etmək lazımdır. London Qiymətli Külçələr Bazarı Assosiasiyası (LBMA) qiymətli metallar üzrə qlobal səlahiyyətli qurumdur. O, qızıl və gümüşün təmizlənməsi və ticarəti üçün standartlar müəyyənləşdirir, bununla da külçə bazarının dürüstlüyünü və şəffaflığını təmin edir. LBMA qiymətli metallar üçün gündəlik etalon qiymətlər dərc edir, etibarlı qiymət mexanizmi təmin edir. Eyni zamanda bankların alış və satış qiymətləri obyektiv məlumat üçün əhəmiyyətlidir”.

 

Kəmalə Vəliyeva