Su qıtlığı- səbəbləri nələrdir?
Bölmə: Sosial › ,Tarix: 21:01 03.12.2024
Bildiyimiz kimi, su qıtlığı, müasir dünyanın ən aktual və qlobal problemlərindən biridir. Bu mövzu yalnız ekoloji deyil, həm də iqtisadi və sosial təsirləri ilə fərqlənir.
Su qıtlığının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı " informator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, dünyanın əksər ölkələri su qıtlığından əziyyət çəksələr də, bu problem bütün ölkələrə şamil olunmur:
" Mərkəzi və Şimali Avropada, Hindistanda və s. su qıtlığı problemi yoxdur, burada kifayət qədər su ehtiyatı mövcuddur. Hətta suyun çoxluğu bu ölkələrdə problemlər yaradır. Bizim təxminən 44 milyardlıq su ehtiyatımız var. Hazırda, Azərbaycanda Kür-Araz ovalığının bəzi əraziləri, Şimal, Şimali - qərb hissədə bəzi rayonlar su ehtiyyatından düzgün istifadə etmədikləri üçün su qıtlığı yaranır. Bunun nəticəsində su ehtiyyatlarımızın əksəriyyəti buxarlanmaya gedir.
Sular iki cürdür: şirin və içməli sular. Şirin suyu suvarma zamanı, içməli su isə məişətdə istifadə olunur. Əgər biz sudan düzgün və səmərəli istifadə etsək, hətta daha çox əhalini su ilə təmin edərdik, nəinki su qıtlığından əziyyət çəkmək. Mən istəyərdim ki, Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə olunmasın. Çünki bu sular tamamilə təmiz olmadığından insan orqanizminə müəyyən qədər mənfi təsir göstərir. Su anbarlarından təmiz su əldə etsək, bu sağlamlığımıza da müsbət təsir edər".
Ekoloq, su qıtlığının aradan qaldırılmasının yollarını da açıqlayıb:
" Biz su ehtiyyatlarımızdan düzgün və səmərəli istifadə etməliyik. Suyu israf etmək onun qıtlığına səbəb olur. Çalışaq ki, bu problemi aradan qaldırmaq üçün əlimizdən gələni əsirgəməyək".
Aydan Talıblı