Tədris prosesində dərslik problemləri -Təhsil eksperti AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:07 03.12.2024

"Dərsliklərdə ciddi problemlər hər il artmaqdadır. Həmçinin, yuxarı sinif dərsliklərindəki proqramlar qəbul proqramları ilə uyğunluq təşkil etmir".

 

Bu sözləri "informator.az"a açıqlamasında təhsil eksperti Əmrah Həsənli söyləyib. Ekspert tədris materiallarının innovativ tədris metodlarına uyğun inkişafının təmin olunmasından da bəhs edib:

 

"Tədris materiallarının innovativ tədris metodlarına uyğun inkişafı bir neçə əsas yanaşma ilə təmin oluna bilər. Müasir tədris metodları tələbələrin fərdi öyrənmə tərzlərinə uyğun olaraq materialların təqdim edilməsini tələb edir. Məsələn, rəqəmsal tədris vasitələrindən, interaktiv platformalardan və video dərslərdən istifadə etməklə təhsilalanların marağını artırmaq və onların öyrənmə prosesinə daha aktiv qatılmalarını təmin etmək mümkündür. Həmçinin, innovativ tədris metodları yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqlara yönəlməlidir. Təhsil alanlara real həyatda tətbiq oluna bilən tapşırıqlar və layihələr təqdim edilməlidir. Ölkəmizdə dərsliklərlə bağlı Dərsliklərin Qiymətləndirmə Şurası fəaliyyət göstərir. Lakin bu şuranın fəaliyyəti kifayət qədər təsirli deyil. Eyni zamanda Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi dərsliklərin hazırlanmasında birgə çalışmır. Bu, şagirdlər üçün əlavə vəsaitlərin alınmasına səbəb olur. Mütləq şəkildə bu iki qurum vəsaitlərin hazırlanmasında birgə çalışmalı və yeni proqram hazırlanmalıdır".

 

Əmrah Həsənlinin sözlərinə görə, bu gün dərsliklərin müəllifləri şagirdlərin ehtiyaclarına uyğun materiallar hazırlamırlar:

 

"Mövzular şagirdlərin maraq və tələblərinə cavab vermir. Buna görə də Dövlət İmtahan Mərkəzində xüsusi proqramlar hazırlanmalıdır. İki qurum arasında birgə əməkdaşlıq olmadığından yuxarı siniflərdə də ciddi problemlər yaşanır. Digər bir məsələ hər yarım il üzrə kitabların verilməsi zamanı yaranır. Bu zaman əlavə dərs vəsaitlərinin alınması zərurəti meydana çıxır. Valideynlər bir fənn üçün iki dərs vəsaiti (o cümlədən iş dəftəri) almaq məcburiyyətində qalırlar. Bir neçə fənn olduqda, məsələn, 7-8 fənn üçün 16-17 kitab almaq lazım gəlir. Bir ailədə ən azı iki uşaq təhsil alırsa, maddi vəziyyəti aşağı olan valideynlər üçün bu, ciddi çətinliklər yaradır. Bundan əlavə, tədris materiallarının beynəlxalq standartlara uyğun olması məqsədilə 2024-2025-ci tədris ili ərzində xarici mütəxəssislərin dərsliklərin hazırlanmasında iştirakı təmin olunub. Bu, Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanıb. Lakin dərsliklərin hazırlanmasında kifayət qədər problemlər mövcuddur. Xarici mütəxəssislərin iştirakı üslub və dil baxımından əlavə problemlər yarada bilər. Keçmişdə də dərsliklərdə üslub və tərcümə problemləri ictimaiyyət tərəfindən bildirilib. Mövcud vəziyyətdə ölkəmizdə kifayət qədər xarici təcrübəyə malik mütəxəssislər var. Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və Elm və Təhsil Nazirliyinin tərkibindəki institutların əməkdaşları bu prosesə cəlb oluna bilərlər".

 

Fatimə Abdulrəhimli