Qərbi Azərbaycan icmasının geri qayıdışı mümkün olacaq ?
Bölmə: Siyasət › ,Tarix: 21:23 03.12.2024
Qərbi azərbaycanlıların öz vətənlərinə qayıtması üçün müvafiq işlər görülür. Qərbi Azərbaycan icması geri qayıdış hüququnu sülh yolu ilə həyata keçirmək üçün işlər görür. Buna görə də Ermənistan hökuməti dialoqa çağırılır.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, sülh danışıqlarından sonraki dövrdə Qərbi azərbaycanlıların Ermənistana qayıtmasının və ya ən azından ziyarət etməsinin şahidi ola bilərik:
"Bu məsələdə Qərbi Azərbaycan icmasının Ermənistana qayıtması məsələsi indiki halda daha çox zaman tələb edən məsələdir. Yəni bu tezislə baş tutması və Ermənistanın buna yaşıl işıq yandırması gözlənilmir. Amma Azərbaycan tərəfi burada öz israrını davam etdirir və mübarizə aparmağa davam edir: həm siyasi müstəvidə, həm Qarabağla bağlı Ermənistanla sülh danışıqlarında, həm də beynəlxalq məhkəmədə. Burada bir sıra məqsədlər var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var, xüsusən də, ermənilərin yenidən Qarabağa qaytarılması ilə bağlı və Azərbaycan Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasını bu məsələ ilə bağlı siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bundan başqa, Ermənistanla sülh danışıqlarında Azərbaycan tərəfi əlavə güzəştlər əldə etməklə öz mövqeyini qəbul etdirmək üçün də bu faktordan- Qərbi azərbaycanlıların faktorundan istifadə edir. Ancaq bütün bunların da Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmasının dövlət strategiyası olmadığını deməyə əsas vermir. Sadəcə olaraq bu daha uzunmüddətli bir plandır. Biz Ermənistan hakimiyyətini məcbur etməyə çalışırıq ki, ya indiki halda sülh danışıqlarında, ya da gələcək dövrdə hansısa şəkildə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönməsi ilə bağlı öhdəlik götürsünlər. Bununla bağlı müəyyən şərait yaradılmalıdır. Düşünürəm ki, bu müddətli bir dövrə hesablanmış strategiyadır və Azərbaycan dövlətinin istər Qərbi Azərbaycan icmasının bu məsələdəki israrı bizim Ermənistanla sülh danışıqlarında ki mövqeyimizi gücləndirir və sülh danışıqlarından sonraki dövrdə hətta Qərbi azərbaycanlıların Ermənistana qayıtmasının və ya ən azından ziyarət etməsinin şahidi ola biləcəyik".
Günel Verdiyeva