Trampın Cənubi Qafqazda Rolu və Paşinyanın Sülh Addımı

Tarix: 15:53 24.02.2025
Erməni şərhçilərin fikrincə, Tramp Paşinyanı sülh müqaviləsini tezliklə imzalamağa məcbur edəcək. Onlar bildirir ki, Rusiya və Ukrayna arasında müharibə başa çatdıqdan sonra Trampın diqqəti Cənubi Qafqaza yönələ bilər. Onun dünyaya sülh gətirəcəyi fikirlərini təkrarlayan şərhçilər Paşinyanın tezliklə Bakının tələblərini qəbul edəcəyini bildirirlər.
Mövzu ilə bağlı ‘’informator.az’’a politoloq Elxan Şahinoğlu bildirib ki, Trampın Cənubi Qafqaza qarışmaması bizim də maraqlarımıza uyğun gəlir:
"Tramp administrasiyası hazırda Rusiya-Ukrayna müharibəsinin başa çatmasına önəm verir. Ona görə də hazırda administrasiyanın diqqətinin Cənubi Qafqazda olacağını proqnozlaşdırmıram. Əlbəttə, Cənubi Qafqazda sülh, barış və əməkdaşlıq ABŞ-də maraqlarına xidmət edir. Amma Trampın xüsusi olaraq, Paşinyana təzyiq edəcəyini də düşünmürəm. Onun ətrafında ermənipərəst konqresmenlərdə var ki, onlarda Ermənistanın maraqlarını qoruyur. Ümumiyyətlə, Trampın Cənubi Qafqaza qarışmaması bizim də maraqlarımıza uyğun gəlir. Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzərində danışıqlar gedir. Azərbaycan və Ermənistanın vasitəçiyədə ehtiyacı yoxdur. Əsas odur ki, qarışmasınlar. Dəstəyə isə ehtiyac yoxdur. Ona görə düşünürəm ki, Tramp Paşinyana təzyiqlər etməyəcək. Danışıqlar gedir, Paşinyan da elan edib ki, konstitusiya dəyişməlidir. Biz də onu gözləyirik ki, Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə olan ərazi iddiaları çıxarılsın və sonra sülh sazişinin imzalanması da mümkündür. Bunun üçün vasitəçiyə ehtiyac yoxdur".
Günel Verdiyeva