Müharibənin gedişatı Rusiya-ABŞ danışıqlarının nəticəsindən asılıdır-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:23 24.02.2025

23 yanvar 2025-ci ildə Almaniyada keçirilən seçkilərdə Friedrich Merz-in rəhbərlik etdiyi XDS/XSS qalib gəldi. Almaniyada keçirilən seçkilərin nəticələri əvvəlcədən təxmin edilirdi.


Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirib. Politoloqun sözlərinə görə, Olaf Şoltsun irəli sürdüyü siyasət Almaniya seçkilərinə əks mövqedə aparılıb:
“Şoltsun son zamanlar həyata keçirdiyi siyasət Almaniya seçkilərini təmin etmirdi və onu dəstəkləmirdi. Şolts öz siyasətində qətiyyətini göstərməyə nail ola bilmədi.”


Şərhçinin sözlərinə görə, məhz bu səbəbdən onlar seçkilərdə uduzdular:
“Ancaq bununla belə, 3-cü yeri tutmaqla kifayətləndilər. Ukraynaya kömək məqsədi ilə lazımi silah-sursatın təmini iddiası irəli sürülsə də, bu yardımların həyata keçirilməsindən imtina edilirdi.”


E.Həsənov həmçinin Merz-in çıxışlarındakı iddialarından da bəhs edib:
“Merz öz çıxışlarında dəfələrlə Rusiyanın Ukraynanı məğlub etməsinə imkan vermədiklərini qeyd edib. Hazırkı reallıq odur ki, həm Avropa ölkələri, həm də Amerika müharibənin dayandırılması tərəfdarıdırlar.”


Ekspert qeyd edir ki, müharibənin gedişatı barədə dəqiq fikirlərin söylənilməsi Rusiya-ABŞ danışıqlarının nəticəsindən asılıdır:
“Merz seçkilərdən sonra çıxışında mövcud şəraitdə Ukraynaya silahlı qüvvələrin bölmələrini göndərmək fikrində olmadıqlarını bildirib. Buna baxmayaraq, onlar da Ukraynanın məğlub olması tərəfdarı deyillər. Artıq Avropa İttifaqında belə bir fikir formalaşır ki, əgər Donald Tramp Ukraynaya dəstəyi dayandırarsa, bunu Avropa İttifaqı davam etdirməlidir.”


Politoloqun fikrincə, Almaniyanın xarici siyasətində ciddi bir dəyişiklik olması gözlənilmir:
“Almaniyada Qərb dəyərli mövqe tutur. Mövcud tərəflər haqqın-ədalətin yanında olmaq istəyirlər. Burada əsas məsələ isə Ukraynadır. Hesab edirəm ki, Ukraynaya digər Avropa ölkələri ilə birlikdə Almaniya da yardımlar göstərəcək. Əbəs yerə deyil ki, Tramp məhz Avropa İttifaqının öz daxili məhsullarının 5 faizini hərbi büdcəyə ayırmasını tələb edir. Bu proses Almaniyada 1.6 faiz təşkil edir. Yəni mövcud rəqəm 5 faizə qədər qaldırılsa, daha çox hərbi nailiyyətlərin əldə olunması gözlənilir. Nəticədə isə Ukraynaya ciddi dəstəyin həyata keçirilməsi gözlənilir.”


E.Həsənov sonda əlavə edir ki, Ukraynaya dəstək üçün inkişaf etmiş ölkələr tərəfindən müəyyən addımlar həyata keçiriləcək:
“Almaniya Avropa İttifaqının iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Ona görə Almaniya istər Qərb, istərsə də dünya üçün çox önəmli mövqedədir,” - deyə şərhçi yekunlaşdırıb.


Selcan Həsənova