Emmanuel Makron istefa tələblərinə rəğmən vəzifəsində qalmaqda israrlıdır
Bölmə: Siyasət › ,Tarix: 21:31 04.12.2024
Fransa özünü demokratiyanın beşiklərindən biri kimi təqdim etsə də, ölkənin siyasəti və prezident Emmanuel Makronun idarəetmə üsulu demokratik prinsiplərə uyğun olmadığı yönündə ciddi tənqidlərə məruz qalır.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa əhalisinin böyük əksəriyyəti prezident Emmanuel Makronun siyasətindən narazıdır:
“O, əhalinin çağırışlarına qulaq asmamaqla yanaşı, sosial və iqtisadi problemləri həll etməkdə də acizlik göstərir. Fransada enerji böhranı gündən-günə dərinləşir, bu isə ölkədə iqtisadi tənəzzül və sosial ədalətsizliyin artmasına səbəb olur. Dünyanın ən böyük atom enerji stansiyalarına malik olan Fransa, stansiyalarını işlətmək üçün lazım olan uranı indiyə qədər əsasən Afrikadan təmin edib. Lakin Makron hakimiyyətinin Afrika dövlətlərinə müstəmləkəçi yanaşması nəticəsində bu ölkələr artıq Fransa ilə əməkdaşlıq etmək istəmir. Afrika dövlətlərinin etirazları Fransanı alternativ uran tədarükü mənbələri axtarmağa məcbur edib. Bu məqsədlə Qazaxıstanla əlaqələrə üstünlük verən Fransa prezidenti Emmanuel Makron, Qazaxıstan prezidenti Comərd Tokayevlə görüşərək atom enerji stansiyası tikintisi ilə bağlı danışıqlar aparıb. Lakin bu əməkdaşlıqda əsas problemlərdən biri Rusiyanın məsələyə qarşı ciddi narahatlığıdır. Tokayev balans siyasətinə uyğun olaraq bu layihəyə bir neçə ölkənin cəlb edilməsinin vacibliyini bildirir. Çünki Rusiya “Rosatom” vasitəsilə artıq Qazaxıstanda atom enerji stansiyası tikintisi üzrə danışıqlar aparır. Bundan əlavə, Qazaxıstan uran ixracı üçün “Orta Dəhliz” layihəsindən istifadəni şərt kimi irəli sürüb. Bu dəhlizdən istifadə isə Azərbaycanın tranzit rolunu artıracaq və Fransa ilə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin dəyişməsini zəruri edəcək”.
Tural İrfan Fransa vətəndaşlarının etimadını itirən hökumətin vədlərlə xalqı sakitləşdirməyə çalışdığını, lakin bunun effektiv olmadığını qeyd edib:
“Fransa ilə İtaliya, Türkiyə və Afrika ölkələri arasındakı siyasi gərginliyin də bu narazılığı artırdığını bildirib: “Afrika ölkələrinin Fransa ilə əməkdaşlıqdan imtinası, uran tədarükünü dayandırması Fransanın iqtisadiyyatının işğal və istismar əsasında qurulduğunu bir daha sübut etdi. Əgər Fransa öz siyasətini dəyişməsə, böhran daha da dərinləşəcək. Fransa hakimiyyətinin iqtisadi və sosial böhranın həlli üçün beynəlxalq münasibətlərdə balanslı siyasət yürütməli olduğunu vurğulayıb. “Əks halda, Makron hökumətinin mövcud siyasəti ölkəni daha böyük iqtisadi və siyasi gərginliklərə sürükləyəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva