"Qərbin Gürcüstanda asanlıqla hakimiyyət dəyişikliyinə nail ola bilməsi çətindir"-ANALİZ

Bölmə: Siyasət › ,
Tarix: 21:56 06.12.2024

"Gürcüstandakı hadisələr xalqın iradəsinə əsaslanan, etiraz aksiyalarından daha çox xaricdən idarə olunan ssenarinin aydın təzahürləridir".

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Avropa Gürcüstandakı dayaqlarını itirməmək üçün bütün mümkün yollardan istifadə edəcək:

"Hətta 26 oktyabr tarixində keçirilən seçkilərdən öncə nəticələrin hakim “Gürcü arzusu” partiyasının xeyrinə olması ehtimallarının mütləq şəkildə etirazlarla müşayiət ediləcəyi mesajları da verildi. Görünən odur ki, Avropa Gürcüstandakı dayaqlarını itirməmək üçün bütün mümkün yollardan istifadə etməkdə qərarlıdır. Belə olan halda bütün istiqamətlərdə hökumətə təzyiq vasitələrindən istifadə edilməsi cəhdləri davam edir. Amma Qərbin Gürcüstanda asanlıqla hakimiyyət dəyişikliyinə nail ola biləcəyini düşünmürəm".

Politoloq əsas hədəfi isə 14 dekabrda keçiriləcək prezident seçkilərində hakim partiyanın qələbə qazanmasına mane olmaqda görür:

"Çünki bu seçkidə də “Gürcü arzusu” partiyasının namizədi qalib gələrsə, bu proseslərin Qərbin Cənubi Qafqazdakı hədəflərinə ciddi zərbə vuracaq şəkildə cərəyan edəcəyini istisna etmir. Ona görə də Fransanın drijorluğu ilə Qərb tərəfindən Gürcüstan cəmiyyətində təmsil olunan bütün təbəqələrdən olan nümayəndələrə təsir mexanizmləri işə salınıb. Hətta bəzi gürcü diplomatların (səfirlərin) istefasının da siyasi hakimiyyətə qarşı açıq təxribat olması ehtimalı kifayət qədər yüksəkdir. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, bu dəfə Qərbin “Gürcüstan ssenarisinin” uğurlu olmayacağı ehtimalı daha real görünür. Ən azından 26 oktyabr 2024-cü il tarixində keçirilən son parlament seçkilərində gürcü xalqının emosianallıqdan uzaqlaşaraq praqmatik qərar verməsi faktı bu ehtimalı açıq şəkildə ifadə etməyə imkan verir",-deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov