Kimyəvi gübrə və pestisidlərin təsiri: Alternativ yanaşmalar nə dərəcədə effektivdir?

Bölmə: Sosial › ,
Tarix: 23:17 06.12.2024

"Azərbaycanda kənd təsərrüfatında istifadə edilən gübrə və pestisidlər, əsasən kimyəvi tərkibli olur. Bu səbəbdən onların mənfi təsirlərini saymaqla bitirmək olmur".

 

Bu sözləri "informator.az"a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar söyləyib. Ekoloq Azərbaycanda kənd təsərrüfatında istifadə edilən gübrələrin və pestisidlərin torpaq və su ehtiyatlarına təsirinin ciddiliyindən də bəhs edib:

 

"Burada iki əsas məqama diqqət yönəltmək lazımdırBirincisi, kənd təsərrüfatı məhsulları insanların əsas ərzaq bazasını təşkil edir. İstər ərzaq istehsalı sənayesində, istərsə də birbaşa istehlak üçün nəzərdə tutulan məhsullar – dənli bitkilər, meyvə-tərəvəzlər, süd məhsulları – sağlamlıq üçün çox önəmlidir. Bu məhsulların təbii və sağlam gübrələrlə yetişdirilməsi hər kəsin marağında olmalıdır. Kimyəvi tərkibli gübrə və pestisidlərdən istifadə nəticəsində yetişdirilən məhsulların tərkibində insan sağlamlığına zərərli olan bir çox maddə toplanır. Bu maddələr xərçəng, hormonal pozğunluqlar, sinir sistemi xəstəlikləri və immun problemlərinin yaranmasında əsas səbəblərdən biridir. Tibb araşdırmaları bu təhlükələri faktlarla təsdiq edir. İkincisi, kimyəvi gübrə və pestisidlər təkcə insan sağlamlığına deyil, ətraf mühitə də ciddi zərər verir. Bu maddələr su hövzələrinə yağıntı və ya suvarma suları vasitəsilə axaraq çaylar, göllər və yeraltı su mənbələrini çirkləndirir. Nəticədə, suyun tərkibindəki maddələr ekosistemi pozur, suda yaşayan canlıların həyatına təhlükə yaradır və içməli su mənbələrini yararsız hala gətirir. Bu, həm insanlar, həm də ətraf mühit üçün böyük təhlükədir".

 

Cəmşid Bəxtiyarın sözlərinə görə, bu problemlərin qarşısını almaq üçün alternativ üsullar tətbiq edilməlidir:

 

"Kimyəvi gübrələrə alternativ olaraq orqanik gübrələrdən istifadə etmək mümkündür. Məsələn, bitki çürüntülərindən hazırlanan kompost və ya heyvandarlıq təsərrüfatlarından alınan çürümüş peyin ənənəvi gübrələri əvəz edə bilər. Xüsusilə biogaz qurğularında istehsal olunan gübrələr həm keyfiyyətli, həm də ekoloji baxımdan faydalıdır. Bu qurğularda heyvan peyini enerji istehsalı üçün xammal kimi istifadə olunur və nəticədə yüksək keyfiyyətli gübrə əldə edilir. Avropa ölkələrində biogaz gübrələrinə böyük tələbat var və bu gübrələrin hər tonu 2016-cı ildə 4.000 avro qiymətləndirilirdi. Azərbaycanda isə bu sahə hələ geniş yayılmayıb. Hazırda ölkəmizdə bir neçə biogaz qurğusu mövcuddur, lakin onların sayı kifayət qədər deyil. Bu qurğuların geniş tətbiqi müəyyən çətinliklərlə üzləşir. Məsələn, təsərrüfat sahibləri əlavə fiziki əmək tələb edən bu sistemlərə maraq göstərməyə bilər. Bununla belə, dövlət dəstəyi ilə bu problemlər aradan qaldırıla bilər. Belə ki, qurğuların istismarına dəstək verilməsi, işçilərə maaş təklif edilməsi və ya istehsal olunan gübrələrin satışından gəlir əldə etmək imkanları yaradılması bu sahənin inkişafını təşviq edə bilər. Avropada uğurla tətbiq edilən bu texnologiyalar Azərbaycanda da geniş yayılsa, həm kənd təsərrüfatının məhsuldarlığı artır, həm də ətraf mühit qorunmuş olar".

 

Fatimə Abdulrəhimli