"İsrail-Fələstin münaqişəsi Türkiyənin gücü ilə həll olunası məsələ deyil"-ANALİZ

Bölmə: Siyasət › ,
Tarix: 17:46 07.12.2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Şurasının sədri Məhəmməd İsmayıl Dərvişlə görüşüb.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, tərəflər Qəzzadakı müharibəni, regional və beynəlxalq hadisələri və onların nəticələrini müzakirə ediblər:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Fələstin məsələsi ilə bağlı mövqeyini bir daha təsdiqləyib və Türkiyənin beynəlxalq ictimaiyyəti Qəzzada müşahidə olunan humanitar fəlakətlə mübarizə aparmaq və atəşkəs əldə etmək üçün səfərbər etmək səylərini vurğulayıb”.

Bu barədə “informator.az” a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, Hakan Fidanın Məhəmməd İsmayıl Dərvişlə görüşü tərəflər arasında münasibətlərin müvəqqəti inkişafına, İsrail-Həmas məsələsində vəziyyəti dəyişməyə müvəqqəti kömək edə  bilər:

“Reallığa baxanda münaqişənin tarixi 1948-ci ildən 80 ilə yaxındır davam edir. Atəşkəsin əldə olunması üçün yeganə vasitə 1967-ci il anlaşmasına gəlməkdir. Buna da gələ bilmirlər. Çünki İsrail tutduğu yerləri vermək istəmir, Fələstin həmin yerləri istəyir. Fələstin üç parçaya bölünüb. Bir tərəfdə Ramallahda olan hökümət, bir tərəfdə Qəzzada olan Həmas, bir də Hizbullah var. Bu üç təşkilatın arasında qalıb. Bu təşkilatlar özləri bir araya gələ bilmirlər. Burada bir müddətlik atəşək ola bilər, amma uzun müddət prespektivi verməyəcək. Öncə Fələstin arasındakı qruplaşmalar birləşib bir araya gələrsə, vahid Fələstinə çevirilərsə, nəsə nəticə əldə etmək olar. Amma çətin ki İsrail tutduğu və məskunlaşdığı əraziləri geri qaytarsın".

Politoloqun sözlərinə görə, xəritədə elə bir vəziyyət yaranıb ki, Fələstinə torpaq verilsə, İsrailin özünün bəzi əraziləri artıq əlindən çıxır:

"Türkiyə höküməti Hakan Fidan vasitəsilə Həmasa dəstək verir. Təkcə Türkiyənin gücü ilə həll olunası məsələ deyil. Burada böyük güclərin maraqları var. O maraqlar təmin olunmalıdır. Bu da hələ ki olunmur. Amma bu olarsa, o nöqtədə artıq danışıqlar müəyyən bir qism nəticə verər. Amma yekun nəticəyə gəlməkləri çətin məsələdir”.


Kəmalə Vəliyeva