Təhsildə sinfi ayrı-seçkilik: Gələcəyin formalaşmasına təsiri
Bölmə: Sosial › ,Tarix: 21:11 09.12.2024
Sosial siniflər və təhsil imkanları arasında olan əlaqə cəmiyyətin inkişafında mühüm rol oynayır. Təhsil bərabərliyi, sosial ədalətin təmin olunmasında əsas amillərdən biridir. Lakin aşağı gəlirli ailələrdən olan uşaqların təhsil imkanları daha məhdud olur ki, bu da onların gələcəkdə sosial inkişafına maneə yaradır. Eyni zamanda, sosial siniflər arasında təhsilə çıxışdakı fərqliliklər cəmiyyətin iqtisadi və mədəni inkişafına da təsir edir.
Bu barədə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı "informator.az"a danışıb.
O bildirib ki, sosial təbəqələşmənin mənfi təsirləri geniş sahələri əhatə edir:
"Cəmiyyətdə təbəqələşmənin artması və sosial bərabərsizliyin mövcudluğu bütün sahələrdə ictimai narazılıq yaradır və ciddi psixoloji təsirlərə səbəb olur. Bu, ictimaiyyətin ümumi ruhuna və yanaşmasına mənfi təsir göstərir. Təhsil sahəsinə diqqət yetirsək, sosial bərabərsizlik burada da qabarıq şəkildə özünü göstərir. Əvvəllər təhsil standart idi. Sovet dövründə həm imkanlıların, həm də fəhlələrin övladları eyni təhsili alırdı. Lakin kapitalizmə keçid dövründən sonra təbəqələşmə və sinfi ayrı-seçkilik dərinləşməyə başladı".
Sosioloqun sözlərinə görə, imkanlı şəxslərin övladlarının təhsil imkanları onların gələcəkdə hər sahədə avantajını təmin edir:
"Hazırda ölkədə çox sayda pullu liseylər və özəl məktəblər fəaliyyət göstərir. Bu tədris müəssisələrinə daha peşəkar müəllimlər cəlb olunur, hər cür komfort yaradılır. Belə şəraitdə bu məktəblərdə təhsil alan uşaqlar müasir təhsil tələblərinə daha yaxşı cavab verir. Bu, həm ali məktəblərə qəbul prosesinə ciddi təsir edir, həm də onların gələcəkdə ölkənin idarəçiliyində və əsas mövqelərdə daha üstün olmasına şərait yaradır. Nəticədə, imkanlı təbəqənin uşaqları cəmiyyətin idarə edilməsində üstünlük qazanır, sadə xalqdan olan insanların həmin cərgəyə qoşulması çətinləşir.
Məsələn, imkanlı şəxslərin övladları ildə 10.000 manatlıq məktəblərdə təhsil alır. Bu isə onların təhsildə yarışa daha irəlidən başlaması deməkdir. Digər tərəfdən, universitetə qəbul olunanların əksəriyyəti bahalı repetitor dərsləri və xüsusi hazırlıq kurslarından yararlananlardır. Bu, hər ailənin maddi imkanına uyğun deyil, çünki belə hazırlıqlar ayda 400-500 manat tələb edir".
Müsahib bu vəziyyətin kasta sisteminə bənzədiyini və inkişaf etmiş dünya ölkələrindən nümunə götürməyin zəruriliyini vurğulayıb:
"Bu vəziyyət faktiki olaraq kasta sisteminə bənzəyir. Sanki fəhlənin övladı fəhlə, məmurun övladı isə məmur olmalıdır. Sosial bərabərsizlik təhsil sistemində özünü daha da qabarıq şəkildə göstərir. Uşaqlıqdan etibarən sadə ailələrin övladlarının qarşısına maneələr qoyulur, onların əlavə imkanlardan istifadə etməsi çətinləşir. Orta məktəblərdə tədrisin zəifliyi isə bu problemi daha da dərinləşdirir.
Sosial baxımdan bu, cəmiyyətdə "ağa-rəiyyət" münasibəti yaradır. Lakin bu yanaşma düzgün deyil. Nümunəvi ölkələrə baxsaq görərik ki, kapitalist rejim mövcud olsa da, sosial bərabərsizliyi minimuma endirmək üçün tədbirlər görülür və imkanların hamı üçün əlçatan olması üçün çalışılır".
Nuray Qurbanlı