Paşinyanın Moskva səfəri-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:36 13.12.2024

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. Onun bu gün Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirakı gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “informator.az”a açıqlamasında bildirib ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqı toplantısında iştirak etməsi üçün Rusiyaya səfəri sıradan bir hadisədir :


“Burada Rusiya-Ermənistan münasibətlərinin inkişafı ilə bağlı hər hansı bir irəliləyişin baş verməsi hesab edirəm ki, doğru yanaşma olmaz. Rusiya ilə Ermənistan arasında kifayət qədər ciddi problemlər var. Ermənistan üzərində Qərbin təzyiqləri böyükdür. Paşinyan bu səbəbdən də Rusiya ilə Qərb arasında manevr imkanlarını əlində saxlamağa çalışır. Çünki Paşinyan yaxşı başa düşür ki, əgər Qərbin diktəsini tamamilə yerinə yetirərsə, o zaman Ermənistan üçün ciddi problemlər yarana bilər. Ermənistanın 80%-dən artıq Rusiyadan enerji asılılığı var. Eyni zamanda Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarından başqa alternativi yoxdur. Həmçinin Rusiyanın Ermənistana təzyiqləri üçün daxili və hərbi asılılığı kifayət qədərdir. Bu baxımdan Ermənistan çalışır ki, manevr imkanlarını saxlasın və Rusiyada bunu çox yaxşı başa düşür. Rusiya hələki Ermənistanın Qərblə əməkdaşlığına təmkinli yanaşır, çünki Ermənistanın Qərblə əməkdaşlığı hələ Rusiyanın dövlət maraqlarını təhlil edəcək səviyyəyə çatmayıb”.

 

Bu səfər Rusiya-Ermənistan münasibətlərinə necə təsir edə bilər?


“Rusiya-Ermənistan münasibətlərinin hansı məcrada davam edəcəyi Birləşmiş Ştatlarda növbəti hakimiyyətin fəaliyyətə başlamasından sonra müəyyən qədər bilinəcək. Xüsusilə, gələn ilin ikinci yarısından etibarən ehtimal olunur ki, Birləşmiş Ştatlarla Qərblə Rusiya arasındakı münasibətlərin konturları müəyyən olunacaq. Ukrayna savaşında Rusiya ilə ABŞ arasında kompromis mümkün olacaqsa, bu böyük ölçüdə geosiyasi müstəvidə də dəyişikliklərə gətirib çıxaracaq. Bu, Ermənistanın Qərblə münasibətlərinə də təsir edəcək. Yəni Ermənistan daha çox Rusiyaya yaxınlaşma siyasəti yürüdə bilər. Hesab edirəm ki, bu baxımdan indiki məqamda Paşinyanın Rusiyaya səfərinin Ermənistanla Rusiya arasındakı münasibətlərə ciddi təsir edəcəyini düşünmürəm. Bu sıradan bir səfərdir və ciddi gözləntilər gözləmək doğru deyil”.

 

Türkanə Meşədiyeva