Süni intellektin şüura sahib olması mümkündürmü?

Bölmə: Sosial › ,
Tarix: 13:03 24.02.2025

Bildiyimiz kimi süni intellekt getdikcə daha ağıllı və müstəqil qərarlar verə bilir. 

 

Məsələ ilə bağlı mütəxəssis Elvin Abbasov "informator.az"a açıqlamasında bildirib ki, şüur və təfəkkür insani məfhumlardır və süni intellektin şüurlu bir varlıq hesab edilməsi doğru yanaşma deyil:

 

" Süni intellekt dünyada bir çox piar məqsədilə mifləşdirilsə də, mahiyyət etibarilə yalnız düzgün ardıcıllığı təyin edən hesablama metodlarından ibarətdir. Süni intellekt nə qədər inkişaf etsə də, insan üçün faydalı bir alət olmaqdan daha ötəsi deyil. Daha dəqiq məlumat emal etməsi, daha düzgün proqnozlar verməsi və bir çox məlumatı eyni vaxtda təhlil etməsi onun şüurlu bir varlıq olduğu anlamına gəlmir. Çünki süni intellekt nəticədə bir alqoritmdir. Süni intellektin müxtəlif sahələrdə geniş tətbiq olunması onun mahiyyətini dəyişmir. Bütün sektorlar və sahələr süni intellekti inkişaf etdirərək ondan faydalana bilər. Lakin ona olduğundan daha yüksək dəyər vermək cəmiyyət arasında manipulyasiyaya səbəb ola bilər. Çünki süni intellekt sadəcə kodlardan və avadanlıqlardan ibarət bir texnologiyadır və gələcəkdə daha da inkişaf edəcək. Lakin bu, onu təfəkkür sahibi etməyəcək. Süni intellektin insan beyninin işləmə mexanizmi ilə müqayisə olunması doğru deyil. Kalkulyator nə qədər sürətli hesablama aparsa da, onu bir riyaziyyat professorundan üstün hesab etmirik. Süni intellekt eyni anda minlərlə məqaləni təhlil edə bilər, amma bu, onun təfəkkür sahibi olması mənasına gəlmir. İnsanın beyni məhdud yaddaşa sahib olsa da, bu, onun düşünmə qabiliyyətini dəyişdirmir".

 

Müsahibimiz süni intellektin iş yerlərinə təsiri ilə bağlı fikirlərini də bölüşüb:

 

"Süni intellekt hələ uzun müddət işləri əlimizdən almayacaq. Əksinə, insanlar üçün daha keyfiyyətli iş mühiti yaradacaq. Hər sənaye inqilabında texnologiyaların insanları işsiz qoyacağı qorxusu olub, lakin nəticədə yeni peşələr və imkanlar yaranıb. Süni intellekt də eyni rolu oynayacaq və bizim üçün faydalı bir alət olacaq. Süni intellekt öz-özünə qərar vermir, onun bütün əmrlərini insan proqramlaşdırır. Əgər gələcəkdə süni intellekt təhlükə mənbəyi olacaqsa, bu, onu proqramlaşdıran insanın qərarından asılı olacaq. Necə ki, silahı bir insan atəşləyir, eyni qaydada süni intellekt də yalnız ona verilən əmrləri icra edir. Süni intellektin qərəz, agresiya və ya duyğulara malik olması mümkün deyil, çünki o, sadəcə bir alqoritmdir. Süni intellektin şüur sahibi olması ilə bağlı narahatlıqlar əsasızdır. Süni intellekt sevə, inciyə, küsə bilməz. Onun heç bir hissi yoxdur və yalnız proqramlaşdırıldığı çərçivədə fəaliyyət göstərir. Buna görə də, süni intellektin şüura sahib olması ehtimalı real deyil".

 

Zeynəb Yunuszadə