“Rusiya-Ukrayna müharibəsi bu həftə bitə bilməz”-Politoloqdan ŞƏRH

Tarix: 14:15 24.02.2025
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər".
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “informator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi bu həftə bitə bilməz:
“Çünki bir sıra faktorlar var ki, razılaşmanın imzalanmasına mane olur. 1-ci faktor odur ki, Rusiya-Ukrayna arasında hələ də müharibənin bitməsi ilə bağlı fikir ayrılıqları var. Putin Zelenskini legitim dövlət rəhbəri tanıyır.
2-ci faktor isə Avropa ilə ABŞ arasında da fikir ayrılıqları var.
3-cü faktor isə Zelenski Avropa kontingentini Ukraynaya gətirilməsini istəyir. Putin ona müsbət cavab vermir.
4-cü faktor odur ki, ABŞ-Rusiya danışıqlarında Ukraynanın iştirakı hələki baş verməyib. Ər-Riyad görüşündə Ukraynanın nümayəndələrindən heç kim iştirak etmədi. Zelenski qeyd etdi ki, “Ukraynanın iştirak etməyəcəyi heç bir sazişi, razılaşmanı biz tanımayacağıq”.
5-ci faktor isə ABŞ-Ukrayna arasında ciddi problemlər mövcuddur. ABŞ Ukraynanı mineralarla bağlı razılaşmanı imzalamağa məcbur edir. Həmin sazişə görə Ukraynadakı neft-qaz , digər mineral resuslardan əldə olunan gəlirin yarısını təxminən 500 milyard dollarlıq məbləğ ABŞ fonduna ödənməlidir. Belə halda, bu həftə ərzində sülh sazişinin imzalanması mümkün deyil”.
Politoloqun sözlərinə görə, atəşkəs əldə olunandan sonra Rusiyanın Ukraynaya yenidən hücum etmə ehtimalı var:
“Atəşkəs sülh sazişi deyil. Belə olan halda, Rusiyanın hücum etməyəcəyinə əmin olmaq olmaz. Bu səbəbdən də Zelenski Rusiyanın hücumunu çəkindirmək üçün Ukraynaya qoşunların yeridilməsini, Qərb və Amerikadan təhlükəsizlik zəmanətinin təmin olunmasını istəyir”.
Kəmalə Vəliyeva