Heyvan haqları- Dövlətin gördüyü tədbirlər

Tarix: 14:14 24.02.2025
Cəmiyyətimizdə sosial problemlər, insan haqları, iqtisadi məsələlərlə bağlı müzakirələr olsa da, heyvan haqları ilə bağlı müzakirələr çox deyil.
Bəzən küçələrdə, sığınacaqlarda heyvanlara qarşı zorakılıq tətbiq edilir.
Bəs bu məsələyə dövlətin münasibəti necədir?
Məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “İnformator.az”a açıqlamasında bildirib ki, kainatda olan hər bir canlının yaşamağa haqqı var:
“Ölkəmiz isti bir qurşağda yerləşir. Əvvəllər qışımız soyuq olsa da, bu il qarı bir-neçə dəfə gördük. Bu baxımdan küçə heyvanları, xüsusən də, şəhər yerlərindəki heyvanlar burada özünü rahat hiss edirdi. Ancaq qloballaşma dövründə insanların çoxalması, qida zəncirinin möhkəmləndirilməsi, eyni zamanda yeni binaların tikilməsi, parkların salınması küçə heyvanlarının, o cümlədən, quşların da təbii yuvalanma və yaşama yerlərini sıxışdırıb çıxardı. Bakı və Abşeron yerlərində elə bir yer yoxdur ki, heyvanlar özlərini orada rahat hiss etsin. Son illər bütün dünyada olduğu kimi Azərbaycanda, xüsusən də, Bakıda küçə heyvanlarının və vəhşi heyvanların qorunması ilə bağlı istər dövlətin, istər ictimai qurumların, istər ayrı-ayrı mərhəmət sahibi olan insanlardan ibarət olan qrupların çox böyük işlər gördüyünü görürük. Hətta İDEA təşkilatının rəhbəri Leyla xanım Əliyevanın səyləri ilə küçə heyvanlarına sığınacaqlar tikilib. Küçə heyvanları ilə bağlı dövlətin və ictimai qurumların bu davranışı ətrafa sevgini aşılamağa başladı. Xüsusən də internetin inkişafı, kütləvi hal alması bu məsələdə kömək oldu. Son vaxtlar Cənubi Amerikadan gətirilib parklara buraxılan tutuquşularının sayı da artıb. Küçə heyvanları, əsasən də, pişiklər və itlər maşınlar sıx olduğu ərazilərdə piyada keçidindən keçirlər. Bu hadisə nəqliyyat qaydalarını pozan insanlara nümunə olmalıdır. Ümumiyyətlə, dünyada olan hər bir heyvanın yaşamağa haqqı var".
Müsahibimizin sözlərinə görə, son zamanlar bəzi balıq, quş, məməli heyvan növləri dəhşətli surətdə azalmağa başlayıb və bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur:
"Buna görə də, biz dövlətin siyasətini dəstəkləməli, heyvanlara qayğı göstərməliyik. Heyvanların mühafizəsinə xüsusi diqqət etməliyik. Əgər küçədə ac heyvan görürüksə, onu yemləməli, aidiyyatlı qurumlara apararaq kömək olmalıyıq. Bu məsələdə Təbii Sərvətlər Və Ekologiya Nazirliyinin böyük rolu var. Meşələrdəki ağacların kəsilməsinin qarşısını almalı, qırmızı kitaba düşəcək olan heyvanları və küçə heyvanlarınının da haqlarını qorumalıyıq.
İstər televiziya və qəzet əməkdaşları, istər yeni media nümayəndələri, istərsə də sosial şəbəkə istifadəçiləri heyvanlara münasibətdə yeni bir yanaşmanı təbliğ etməlidirlər, çünki bu yanaşma bizim gələcəyimizə təsir edəcək bir hadisədir. Ancaq təəssüflər olsun ki, son zamanlar bunun azaldığını görürük. Küçə heyvanlarını qorumaqla bağlı paylaşımlar kifayət qədər yoxdur. Biz buna qarşıyıq. Yanlız yeni media nümayəndələri, bloggerlər deyil, sadə sosial şəbəkə istifadəçiləri də heyvanlara sivil münasibətin formalaşmasına önəm verməlidilər".
Fatimə Şahverdiyeva