Donald Tramp Çinlə münasibətləri necə tənzimləyəcək?-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:17 16.12.2024

 

Çin Xalq Respuklikasının Sədri Si Cinpinin dəvət olunduğu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməsi gözlənilmir. 

 

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az” a müsahibəsində bildirib ki, son illərə baxdıqda ABŞ ilə dünyanın bir çox ölkələri arasında ciddi problemlərin, siyasi və iqtisadi qarşıdurmaların şahidi olmuşuq:

 

“Bu daha çox Bayden hakimiyyətinin aqressiv xarici siyasət yeritməsinin nəticəsidir. Çünki Bayden hakimiyyəti dövründə ABŞ-nin bir çox xarici ölkələrlərlə, iqtisadi, siyasi aktorlarla ciddi problemlərinin daha yüksək pik həddə gəlib çatmasını müşahidə edirik. Bu baxımdan Tramp hakimiyyətinin gələcəkdə bu siyasi kursa çox ciddi düzəlişlər etməsinə ehtimal edə bilərik. Bayden hakimiyyəti dövründə ABŞ-nin Çin Xalq Respublikası ilə ciddi qarşıdurmaları olub. Münasibətləri çox gərgin idi. Amma Tramp hakimiyyəti dövründə bu istiqamətdə bəyanatların da şahidi oluruq ki, Tramp yanvar ayından sonra, yəni prezident kimi fəaliyyətə başladıqdan sonra həm Rusiya-Ukrayna, həm də Amerikanın Çin siyasəti istiqamətində də ciddi dəyişikliklər edəcəyini ehtimal etmək olar. Tramp bu dəvətlə Çinlə olan münasibətləri normallaşdırmağa çalışır. Çünki o, çox yaxşı anlayır ki, Çin dünya nəhəngidir, dünyanın iqtisadi güclərindən biridir. Çinlə münasibətləri gərginləşdirməkdənsə, münasibətlərə düzəlişlər etmək Amerika üçün müxtəlif sahələrdə dividendlər gətirə bilər. Son dövrlərdə Çinlə Rusiya arasında da münasibətlər inkişaf etməkdə idi. ABŞ çalışacaq ki, Çinin Amerika ilə münasibətlərini normallaşdırması istiqamətində addım atsın. Düşünmürəm ki, öncədən Tramp hakimiyyəti Çinə sanksiyaların tətbiq edilməsi ilə bağlı addım atsın. Əksinə Tramp münasibətlərin normallaşdırılması formasında həllinə çalışacaq. Çünki ən azından Tramp biznesmendir. Onun iqtisadi münasibətlərin yüksəlməsi istiqamətində ciddi addımlar atması böyükdür”. 

 

Kəmalə Vəliyeva