Macarıstan-Ukrayna münasibətləri hansı istiqamətdə inkişaf edəcək ?-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:23 16.12.2024
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıq aparmaq istəyib, lakin rədd cavabı alıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “informator.az” a açıqlamasında Orbanın Rusiya-Ukrayna ilə bağlı barışıq təklifindən də bəhs edib:
“Orban Avropa İttifaqının üzvi olsa da, özünün müstəqil mövqeyi mövcuddur. Bir çox hallarda Avropa İttifaqının sərgilədiyi mövqelərlə razılaşmır. Viktor Orban Rusiya ilə münasibətlərin tərəfdarıdır. Hər zaman Avropa ölkələrinə də Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edib. Ümumiyyətlə, Viktor Orban daim barışdırıcı mövqedən çıxış edib. O, Türk dövlətləri təşkilatı platformasında da kifayət qədər ölkəsinə nüfuz qazandırmağı bacaran şəxsdir. Zelenski isə Avropa İttifaqının daha çox təsiri altındadır”.
Politoloq Zelenskinin Orbanın təklifinin rədd etməsinin səbəblərindən də danışıb:
“Zelenskinin Orbanın təklifini qəbul etməməsinin arxasında bütövlükdə Avropa İttifaqının mövqeyi dayanır. Macarıstan Avropa İttifaqına da rəhbərlik dövründə Ukrayna ilə Rusiya arasında münasibətlərin tənzimlənməsinin vacibliyi mövqeyindən çıxış edib. Hazırkı mərhələdə Rusiya ilə Ukrayna arasında danışıqlar Avropanın maraqlarına cavab vermir. Çünki onlar sülh ritorikasını hələ qəbul etmirlər. ABŞ-nin yeni prezidenti Donald Tramp da Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatması istiqamətində addım ata biləcəyini deyib. Bu istiqamətdə Trampın hansı addımlar atacağı, onun fəaliyyətə başladığı növbəti ilin əvvəlindən müşahidə oluna bilər. İndiki mərhələdə Orban özünün barışdırıcı mövqeyini sərgiləməkdədir. Zelenskinin özü də Rusiya ilə danışıqların mümkünlüyündən çıxış edib. Orbanla bağlı onun qəti bir mövqeyi ilə rastlaşmamışıq. Amma bütövlükdə Rusiyanın, Ukraynanın hansısa şərtlər altında NATO-ya üzv qəbul olunması ətrafında da müzakirələr aparılıb. Bu vəziyyəti daha da gərginləşdirə bilər. Çünki Rusiya Ukraynanın heç bir halda NATO-ya üzv qəbul edilməsini qəbul etmir. Ötən əsrin 90-cı illərində Rusiya ilə Qərb arasında əldə olunan razılaşmada ondan ibarət idi ki, NATO şərqə doğru genişlənməyəcək. Lakin sonradan NATO şərqə doğru genişləndi və bir sıra keçmiş sosialist düşərgəsinin ölkələri NATO-ya üzv qəbul olundu. Bu baxımdan hələlik Rusiya-Ukrayna arasında münaqişə vəziyyətinin sona çatması imkanları görülmür. Amma müəyyən zaman kəsiyində Orban atəşkəs rejiminin əldə olunması təklifini irəli sürüb. Qərb hələlik bu münaqişə vəziyyətinin səngiməsində maraqlı deyil. Rusiya-Ukrayna arasında hansısa müzakirələr prosesi başlayacaqsa, bunu Orbanın siyasi aktivinə yazmaq istəmirlər. Viktor Orban Avropa ölkləri, liderləri arasında kifayət qədər nüfuzu ilə seçilən bir liderdir. Bu baxımdan Orbanın bu istiqamətdə də fəallığı , digər Avropa ölkələri, liderləri qısqanclıqla qarşılaya bilərlər. Bütövlükdə Avropanın mövqeyi Zelenskinin də mövqeyinə təsir edir”.
Kəmalə Vəliyeva