"Trampın Prezidentliyi və Rusiya-Ukrayna Münaqişəsində Gözləntilər"-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:37 18.12.2024
"ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qalib gəldikdən sonra ilk dəfə mətbuat konfransı keçirib. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra başlayacaq prezidentliyi ilə bağlı planlarını bölüşüb".
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, Donald Tramp mətbuat konfransında bir çox məsələlərə toxunub:
"Diqqətçəkən məqam Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala verdiyi cavabdır. Tramp yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb. Bununla belə o, “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” deyib. Məlum məsələdir ki, Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə, Aİ daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. İstisna deyil ki, Tramp ilk vaxtlar təmkinli olacaq".
Politoloq ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsinin yanlış qərar oldğunu da qeyd edib:
"Bu həm Rusiyanın əl-qolunu açdı, həm də daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. Bununla belə Rusiya-Ukrayna müharibəsi həlli çox çətin bir münaqişə halına gəlib. Tərəfləri uzlaşdırmaq çox çətindir. Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa, Moskvanın başqa tələbləri də var. Donbas, Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür. Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevi dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər, lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır".
Turan Rzayevin fikrincə, ABŞ Ukraynanın Rusiyaya torpaq verməsi ilə sülh əldə edə bilər:
"Birincisi, ABŞ illərdir Ukraynaya dəstək olur. Milyonlarla dollar vəsait, hərbi texnika sərf edilib. Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh hər şeydən öncə yardımların boşa getməsi deməkdir. İkincisi, ABŞ Ukrayna müharibəsi ilə Rusiyanı zəiflətmək, prestijinə zərər vurmaq istəyirdi. Bunu böyük ölçüdə bacardı. Amma bu variantda sülh Kreml üçün qələbə deməkdir və qısa zamanda prestijinin bərpası mənasına gəlir. Digər tərəfdən, Rusiya bunu ABŞ və Qərb üzərində qələbə kimi təqdim edə bilər. Kremlin gələcəkdə digər qonşu ölkələrə qarşı işğalçı fəaliyyətə başlama riski də var. Üçüncüsü isə, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh beynəlxalq münasibətlər sisteminə zərbə vura bilər. Faktiki olaraq bir ölkə işğal yolu ilə digərinin ərazilərini ilhaq etmiş və bunu rəsmi şəkildə tanıtmış olur. Çinin eyni şəkildə Tayvanı, Serbiyanın Kosovanı, İsrailin Fələstini, hətta Azərbaycanın tarixi nöqteyi-nəzərdən Zəngəzuru ilhaq etməyə əsası formalaşar".
Mayıl Soltanov