Dünya tarixçiləri Azərbaycana toplaşacaq

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:56 09.09.2015

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və AMEA Tarix İnstitutu ilə birlikdə 13-16 oktyabr 2015-ci il tarixində ilk dəfə olaraq Gəncə şəhərində keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanının himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilib.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, konqresin proqramında XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında, Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımları, 1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, çar Rusiyasının Cənubi Qafqazı işğalında erməni faktoru, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı raportlar, Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət,arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı, “Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan münasibətləri,müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsələlər və s.kimi Azərbaycanla bağlı maraqlı mövzular yer alıb.