Ermənistan atəşkəsi pozdu-Gərginlik yeni zirvəyə çatır

Bölmə: Siyasət › ,
Tarix: 23:43 10.01.2025

Sərhəddə baş verən insidentlər iki ölkə arasında münasibətləri yenidən kəskinləşdirib.


Politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında Ermənistanla sərhəddə baş verən son atəş hadisələrini şərh edib:

 

“Ortada heç bir beynəlxalq reaksiya yoxdur və Azərbaycan bu hərbi təxribatlara adekvat cavab verənə qədər də belə bir beynəlxalq reaksiyanın olacağını gözləmirəm. Çünki bu, düşünülmüş şəkildə həyata keçirilmiş hərbi təxribatdır. Bu, müharibə üçün ciddi bir təhlükəli potensial yaratmır. Əgər ciddi atəşkəs pozuntusu və hərbi təxribatlar olsaydı, Azərbaycan əlbəttə ki, öz təhlükəsizliyi baxımından adekvat cavab verərdi. Yəni, qısa müddətli bir neçə atəşdən söhbət gedir ki, bu da böyük təhlükə yaratmasa da müəyyən narahatlıq yaratmışdır. Çünki bunun üçün heç bir səbəb yoxdur. Azərbaycan hər hansı bir sərhəd boyu Ermənistan üçün təhlükə törədəcək hər hansı bir hərbi hərəkətlilik və ya yer dəyişmə həyata keçirmir. Buna görə də belə bir səbəb yoxdur. Belə olduğu təqdirdə bu qısa müddətli atışmalar sadəcə müəyyən siyasi məqsədlər üçündür.

 

Unutmayaq ki, fevralın 19-da Avropa İttifaqının “müşahidə missiyası”nın Ermənistanda fəaliyyət müddəti bitir. Bu cür atəşlərin baş verməsi həmin “missiyanın” gələcək fəaliyyəti üçün müəyyən mənada bəhanə və zəmin yarada bilər. Yəni heç də təsadüfi olmayan, məqsədli bir atəşdir. Hələlik bu hadisə tam aydınlığa qovuşmadan diqqət yetirsəniz, Azərbaycan da adekvat cavab verib. Hər zaman bu cür addımlar qarşılıqlı addımlarla cavablandırılır və susdurulurdu. Ancaq Azərbaycan daha səbrli davranış nümayiş etdirir və məsələnin yəqin ki, mahiyyətinin aydınlaşmasına çalışır. Bu kontekstdə də bilirsiniz ki, diplomatik kanallar açıqdır və müəyyən danışıqlar — istər kommunikasiyalar, istər sərhədlərin müəyyənləşməsi, istərsə də sülh danışıqları məsələsi hər zaman səhnə arxasında aparılır”.


Xanım Ağamalıyeva