Ümumi Təhsil Müəssisələrinin bəzilərində verilən qərara yanaşma-Ekspert açıqlaması

Bölmə: Sosial › ,
Tarix: 21:04 16.01.2025

Son qərara görə Ümumi Təhsil Müəssisələrinin bəzilərində (300 məktəb) tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib.

 

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlamasında bildirib ki, artıq bir neçə ildir ki, dünyanın bir çox ölkələri məktəblərdə şagirdlərin mobil telefon, eləcə də digər növ smart cihazlardan istifadəsinə qadağa qoyub:

 

" Amma burada bir neçə nüansı mütləq qeyd etmək lazımdır: bu qadağa xüsusi hallar istisna olmaqla tətbiq edilir, həmçinin, şagirdin telefonla zəruri kontaktı lazım gələrsə, mütləq şəkildə ona bu şərait yaradılır. ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Avstraliya, İsveç, İtaliya, İspaniya, Cənubi Koreya və s. kimi ölkələrdə məktəblilərə dərs prosesi zamanı telefon qadağası artıq vacib tədris qaydalarından birinə çevrilib. Xüsusən də, Avropa ölkələrində bu qadağanı tədris prosesi zamanı diqqətin yayınması, şagirdlərin izafi informasiya axınına məruz qalması, biliklərin qiymətləndirilməsi zamanı yardımçı vəsait kimi istifadə edilməsi , o cümlədən təhlükəsizlik kimi faktorlarla əsaslandırırlar. Bəzi ölkələrdə isə məktəblərdə mobil telefonun qadağasından sonra tədris keyfiyyətində hər hansı dəyişikliyin olub-olunmaması analiz edilir. Bu analizlərin aparıldığı bir çox ölkələrdə telefon qadağasından sonra keyfiyyətin həqiqətən də artması müəyyən edilmişdir. Doğrudur, keyfiyyətin artım göstəricisi çox da yüksək faizlərlə deyil, maksimum 10-15%-lə göstərilsə də, hər bir halda müsbətə doğru dəyişim kimi də dəyərləndirmək olar".

 

Həmçinin ekspert bildirib ki, bu qərar verilən 300 məktəbdə qərardan sonrakı təhsil sistemində olan vəziyyət yoxlanılsa, qərarın nə qədər vacib və keyfiyyətli olduğunu daha yaxşı bilərik:

 

"Çox istərdim ki, bizdə də məktəblərdə telefon qadağası ilə bağlı ümumi qərar verilməzdən əvvəl hazırda bu qaydanın tətbiq olunduğu 300 məktəbdə zəruri araşdırmalar və qiymətləndirmələr aparılsın. Biz bu tədqiqatların nəticəsində mobil telefon qadağasının nə dərəcədə vacib göstərici olduğunu daha əyani şəkildə anlaya bilərik. Doğrudanmı, telefon qadağası məktəblərdə təlimlə yanaşı, tədris göstəricisinə müsbət təsir edəcək? Bəlkə, heç ümumiyyətlə hər hansı təsiri olmadı? Hazırda "Şagird davranış qaydaları"nın tətbiq olunduğu 300 məktəbdə bu qadağa keçərlidir. Şəxsən mənə maraqlıdır, həmin 300 məktəbdə tədris göstəriciləri çoxmu dəyişib? Bu sualın cavabını yalnız bu tədris ocaqlarında aparılacaq şəffaf monitorinqlər üzə çıxara bilər. 

Amma bütün hallarda subyektiv yanaşmama əsasən məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmanın mənfidən çox müsbət halları var. Birincisi, xüsusən də yeniyetməlik dövründə şagirdlərdə diqqətin yayınması, paylanması faktorları daha çox inkişaf edir. Bu getdikcə, yaddaşın zəifləməsinə, beynin informasiya qəbul etmə və onu emaldan keçirmə prosesinə ciddi təsir göstərir. Hazırda ən güclü diqqətyayıcı vasitələr isə təbii ki, ağıllı telefonlardır. Ən azından, bu səbəbdən şagirdlərə bir xeyli yaxşılıq edə bilərik".

 

Nigar Həsənzadə