İsrail ordusunun Baş Qərargah rəisi istefa verəcəyini açıqlayıb
Bölmə: Dünya › ,Tarix: 21:04 21.01.2025
İsrail ordusunun Baş Qərargah rəisi, leytenant-general Herzi Halevi, 7 oktyabr hücumunun qarşısını almaqda uğursuzluq səbəbindən mart ayında istefa verəcəyini açıqlayıb.
Hərbi qüvvələrin yaydığı bir məktubda Halevi İsrailin baş naziri və müdafiə nazirinə belə yazıb: “IDF-in (İsrail Müdafiə Qüvvələri) 7 oktyabrdakı uğursuzluğu ilə bağlı məsuliyyətim səbəbilə və ordunun İsrailin deterrent gücünü və qüvvətini bərpa etməkdə əldə etdiyi müstəsna nailiyyətləri nəzərə alaraq, vəzifəmi 6 mart 2025-ci ildə bitirmək istəyirəm".
İsrailin Müdafiə Naziri İsrael Kəts Haleviyə, Həmasın 7 oktyabr 2023-cü il hücumunun qarşısının alınmasındakı uğursuzluqlarla bağlı daxili hərbi araşdırmaları 30 yanvar tarixinədək tamamlaması üçün bir müddət təyin etmişdi.
Halevinin istefası, 7 oktyabr hadisələri ilə əlaqəli təhlükəsizlik sisteminin uğursuzluqları ilə bağlı ən yüksək səviyyəli İsrail rəsmisinin istefasını göstərir.
İsrailin Baş Naziri Benyamin Netanyahu isə həmin uğursuzluqlarla bağlı məsuliyyəti öz üzərinə götürməkdən imtina edib və məsuliyyətin yalnız müharibədən sonra müəyyənləşdiriləcəyini bildirib.
Baş nazirin ofisinin bəyanatında Netanyahu çərşənbə axşamı Halevi ilə danışdığı və “Baş Qərargah Rəisinə uzun müddətli xidməti və IDF-ə rəhbərliyi üçün təşəkkür etdiyi” qeyd edilib.
Mənbə: CNN
Nuray Qurbanlı