Rusiya- Ukrayna müharibəsinin Avropaya təsirləri

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:35 05.02.2025

Rusiya ilə Ukrayna arasındakı münaqişə 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə daha da şiddətləndi. Rusiya-Ukrayna müharibəsinin təsirləri geniş miqyasda həm regional, həm də qlobal səviyyədə özünü göstərib. Müharibə öz növbəsində, Avropaya da iqtisadi, siyasi, təhlükəsizlik və enerji sahələrində ciddi təsir edib..

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, sanksiyalar təbii ki, Avropaya da ciddi şəkildə təsir göstərir:

 

“Çünki, müharibə baş verənə qədər çox ucuz qiymətə qaz alırdılar. Amma müharibə başlayandan sonra qazın qiyməti hətta bəzi hallarda 2-3 min dollara qədər qalxdı. Düzdür, müvəqqəti oldu, amma qiymət qalxdı. Bundan başqa Amerika Birləşmiş Ştatları da Qətərdən sıxılmış qaz almağa başladılar ki, bu da Avropa iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərdi. Avropa istehsalçılarına ziyan vurdu, çünki qaz ən çox sənayedə istifadə olunan enerji daşıyıcısıdır”.

 

Müsahibimizin sözlərinə görə, nəticə etibarilə, Avropada istehsal olunan avtomobillərdən tutmuş başqa ağır sənaye məhsullarına qədər hər şeyin maya dəyəri qalxdı və onlar rəqabətsiz hala gəldilər:

 

“Məsələn, bu gün Avropada bir çox avtomobil şirkətləri öz zavodlarını məhz elektrik enerjisinin, təbii qazın qiymətinin baha olmasına görə bağlayırlar. Təbii ki, müharibənin ziyanları hər iki tərəfə dəyir. Rusiyaya ziyan dəydiyi qədər Avropa Birliyinə də, Avropa ölkələrinə də ziyan dəyir. Dünənə qədər Rusiya Avropanın ucuz enerji mənbəyi idi, obrazlı desək yanacaqdoldurma stansiyası idi. Artıq 2 ildir Avropa enerji daşıyıcılarında problem yaşayır. Yenə də çatışmazlıq yoxdur, başqa ölkələrdən alır, amma daha baha qiymətə alır”.

 

Nərmin Həşimova