Donald Trampdan ilk fərmanlar

Bölmə: Dünya › ,
Tarix: 21:07 21.01.2025

ABŞ-nin 47-ci prezidenti Donald Tramp vəzifəyə başlayar-başlamaz bir sıra fərmanlar imzalayaraq yeni dövrü elan edib.

 

Tramp, ilk prezidentlik dövrünün sonunda baş verən Konqres Basqını istintaqları ilə əlaqədar bir hissəsi həbsdə olan təxminən 1.600 nəfəri əfv edib.

 

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxışı ilə bağlı prosesi də başladan Tramp, bu fərmanın səbəbi kimi COVID-19 pandemiyasının pis idarə olunmasını göstərib.

Başqa bir fərmanla ölkənin cənub sərhədlərində “fövqəladə vəziyyət” elan edən Tramp, miqrasiya mövzusunda sərt siyasət yürüdəcəyini dəfələrlə bəyan edib.

 

Tramp andiçmə mərasimindəki çıxışında “bütün qanunsuz girişlərin qarşısını alacağını” və “cinayətkar xaricilərin” ölkədən deportasiya ediləcəyini vəd edib.

Yeni prezident, Meksika mənşəli narkotik kartellərini terror təşkilatları kimi yenidən təsnif edən bir fərman da imzalayıb.

ABŞ-də doğulan hər kəsə vətəndaşlıq verilməsi ilə bağlı qanunu dəyişdirmək istəyən Trampın bu məsələdə hüquqi maneələrlə qarşılaşması mümkündür. ABŞ Konstitusiyası ilə qorunan bu hüququn ləğvi üçün Konqresin üçdə ikisinin səsverməsi tələb olunur.

 

Tramp hansı fərmanları imzaladı?

 

• Paris İqlim Sazişindən çıxış

• Ümumdünya Səhiyyə Təşkilatından çıxış prosesinin başladılması

• Ölkənin cənub sərhədində “fövqəladə vəziyyət” elan edilməsi

• 6 yanvar Konqres basqınında iştirak edənlərin əfv edilməsi

• Federal hökumətə ifadə azadlığının bərpası və hökumətin ifadə azadlığını senzura etməsinin qarşısının alınması

• Dövlət Effektivliyi Nazirliyinin (Doge) qurulması

• Federal hökumətin hər bir strukturuna bahalaşma böhranı ilə mübarizə aparmaq tapşırığının verilməsi

• Federal qurumlarda müxtəlif cinsi kimliklərin özlərini təqdim etdikləri əvəzliklərlə təmsil olunmasının dayandırılması

• TikTok-un qadağan edilməsinin müvəqqəti dayandırılması

 

Mənbə: BBC Türkiyə

İsmayılova Nəzrin