Ekspert: Universitet təhsilinə daha çox psixoloji yanaşma mövcuddur
Bölmə: Sosial › ,Tarix: 19:45 27.01.2025
Universiteti bitirən gənclərin peşə təhsilinə maraq göstərməsi son illərdə nəzərəçarpacaq dərəcədə artıb.
Bəs ali təhsil almış şəxslərin peşə təhsilinə üstünlük verməsinin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı göz önündədir:
"Xüsusən də peşə təhsilinin əmək bazarının tələblərinə uyğun istiqamətdə inkişafı, peşə təhsili müəssisələrindəki ixtisasların sırf əmək bazarının tələb və təklifləri üzərində formalaşdırılması təqdirəlayiq addımlardan biridir. Azərbaycanda peşə təhsili məktəbləri bir neçə peşə təhsil mərkəzi, peşə liseyləri və peşə məktəbləri olmaqla üç istiqamətə ayrılır və təbii ki, burada tədrisin keyfiyyətindən də çox şey asılıdır. Və biz peşə təhsilinin dərəcələnməsindən danışanda burada texniki peşə, ilkin peşə və yüksək texniki peşəni də mütləq qeyd etməliyik və əsasən yüksək texniki peşə bu gün əmək bazarına yararlılığına görə xeyli fərqlənir. Ali təhsili öz ixtisaslarına uyğun iş tapmayan şəxslərin də bir çoxu texniki və yüksək texniki peşələrə yönəlirlər. Vaxtı ilə bizim bir ortaq layihəmiz var idi. Bu layihə əsasında ali təhsil müəssisələrini bitirdikdən sonra peşə təhsili almış və əmək bazarında məhz peşə təhsili ixtisasına görə uğur qazanmış şəxslərlə görüşlərimiz olmuşdu. Təxminən 50-yə yaxın insanla bu istiqamətdə görüşmüş və onların birbaşa peşə təhsilindən həqiqətən də məmnunluğunu eşitmişdik. Aralarında elələri vardı ki, deyirdi: "Mən çox böyük səhv eləmişəm ki, dörd il universitetdə boş-boşuna vaxt itirmişəm." Yəni peşə təhsilinin faydalılığı hazırda bu istiqamətdədir".
Ekspertin sözlərinə görə, universitet təhsilinə daha çox psixoloji yanaşma mövcuddur:
"İnsanlar, valideynlər və qohum-əqrəba arasında sərt rəqabət meydanıdır. "Mənim oğlum ixtisasından asılı olmayaraq ali təhsil müəssisəsindən asılı olmayaraq mütləq hansı universitetə daxil olmalıdır, mütləq bakalavr adını qazanmalıdır." Deyək ki, özəl universitetin hər hansı bir ixtisasını bitirdikdən sonra, övladınızın əziyyəti ilə yanaşı, sizin də əziyyətiniz boşa getmiş olacaq. Təəssüf ki, bizdə bu psixoloji yanaşmalar əmək bazarının tələb və təklif prinsiplərini tamamilə məhv edib. Amma bu tendensiya getdikcə aradan qalxmaqdadır. Şəxsən mən özüm də bu məsələdə gənclərə dəstək olmağa çalışıram və görürəm ki, ildən-ilə peşə təhsili müəssisələrinə müraciətlərin sayı artır".
Elnurə Kərimova