Sosial təzyiq prosesi -Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:47 27.01.2025

Bu gün sosial təzyiq, xüsusən sosial media və cəmiyyətin gözləntiləri ilə daha da güclənib. İnsanlar arasında fiziki görünüş, sosial status və uğur kimi məsələlərə dair yüksək tələblər yaranıb.

 

 Bu mövzuda psixoloq İlkanə İmran "informator.az"a açıqlamasında bildirib ki, sosial təzyiq insanın ətraf mühitin normalarına, gözləntilərinə və dəyərlərinə uyğunlaşmaq məcburiyyətində hiss etdiyi bir vəziyyətdir:

 

"Bu təzyiq çox vaxt cəmiyyətin müəyyən standartlarına uyğunlaşmağa çalışan fərdlərin yaşadığı haldır. Sosial təzyiqin mənbələri müxtəlif amillərə əsaslanır:

1. Mədəniyyət normaları: Cəmiyyətin müəyyən norma və dəyərləri fərdlərə təzyiq göstərə bilər.

2. Ailə və ətraf mühit: Ailə və ətraf mühit faktorları fərdin sosial təzyiqə məruz qalma səviyyəsinə təsir göstərir.

3. Medianın təsiri: Medianın yaratdığı gözəllik standartları və sosial normalar da təzyiqi artıra bilər".

 

Həmçinin psixoloq sosial təzyiqin psixi sağlamlıqla bağlı təsirlərindən də danışıb:

 

"Sosial təzyiq gənclərin psixi sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu təzyiq depressiya, narahatlıq, özünə inamsızlıq və sosial narahatlığa səbəb ola bilər. Sosial təzyiqlərə görə gənclər öz şəxsiyyətlərini kəşf etməkdə, dünyanı öz gözləri ilə görməkdə çətinliklərlə üzləşə bilərlər. Bu, gənclərin özünü kəşf etmə və şəxsiyyətlərini bərqərar etmə prosesinə mənfi təsir göstərə bilər. Gənclər özlərini başqalarının gözləntilərinə uyğun formalaşdırmağa çalışarkən, kim olduqlarını və nə olmaq istədiklərini anlamaq fürsətini əldən verə bilərlər".

 

Psixoloq sosial təzyiq haqqında olan fikirlərini sosial təzyiqin öhdəsindən gəlmək yolları və biz insanların bu təzyiqlə bağlı nələr etməli olduğumuz haqqında fikirləri ilə davam etdirib:

 

"Sosial təzyiqin öhdəsindən gəlmək üçün gündəlik həyatda tətbiq oluna biləcək bəzi təsirli üsullar var. Bunlardan biri sosial təzyiqi tanımaq və ifadə etməkdir. Təzyiq hiss etdiyiniz zaman onu müəyyənləşdirin və ifadə edin. Sosial təzyiqin nə vaxt və necə baş verdiyini müəyyən etmək onunla mübarizədə ilk addımdır. Bunu başa düşmək üçün gündəlik tuta və ya müəyyən müddət ərzində sosial əlaqələrinizi və onlara reaksiyalarınızı qeyd edə bilərsiniz. Bu üsul təzyiq mənbələrini müəyyən etməyə kömək edir. Özünüzü təzyiq altında hiss etdiyiniz vəziyyətləri və insanları müəyyən etmək sizə hansı mübarizə strategiyalarının ən təsirli olduğunu anlamağa kömək edə bilər. Başqa bir üsul isə dəstək axtarmaq və qəbul etməkdir. Sosial təzyiqlə mübarizədə dəstək çox vacibdir. Böyüklərdən, dostlardan və ya peşəkarlardan dəstək almağı düşünün. Başqalarından dəstək almaq vəziyyətinizin öhdəsindən gəlmək üçün müxtəlif perspektivlər və strategiyalar təmin edir. Dəstək axtarmaq vəziyyətinizi bölüşmək və həll yollarını axtarmaq prosesində kömək edə bilər. Əgər sosial təzyiqin öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, psixoterapiya vasitəsilə peşəkar dəstək almaq daha faydalı ola bilər. Digər üsul isə koqnitiv yenidən çərçivələmə üsuludur. Koqnitiv Davranış Terapiyasının (CBT) bir hissəsi olan koqnitiv yenidən çərçivələmə (reframing) mənfi düşüncələri müəyyənləşdirməyə və onları daha müsbət və real düşüncələrə çevirməyə kömək edir. Sosial təzyiq altında hiss etdiyiniz zaman, bu hisslərin həqiqətən etibarlı və ya sadəcə mənfi düşüncələrinizin məhsulu olub olmadığını qiymətləndirmək üçün bu texnikadan istifadə edə bilərsiniz".

 

Psixoloq gənclərə tövsiyəsi ilə bu mövzuda fikirlərini yekunlaşdırıb:

 

"Gənclər arasında geniş yayılmış sosial təzyiq onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Lakin CBT və özünə kömək üsulları gənclərə bu çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. Özünüzə qarşı mehriban olun və unutmayın, əgər sosial təzyiqin öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, peşəkardan dəstək axtarmaq həmişə ən yaxşı seçimdir".

 

Nigar Həsənzadə