Zehni yorğunluq dövrü: Müasir insan niyə daim tükənmiş hiss edir?
Bölmə: Sosial › ,Tarix: 19:51 30.01.2025
Müasir dünyada insanlar informasiya bolluğunun və daim dəyişən mühitin içində yaşamağa məcburdurlar. Rəqəmsal texnologiyalar həyatımızı asanlaşdırsa da, beyin üçün fasiləsiz xəbərdarlıqlar, sosial media basqısı və yüksək gözləntilər zehni yorğunluğa və tükənmişliyə səbəb olur.
Bu barədə psixoloq Gülşən Rüstəmova "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, informasiya bolluğu və sosial şəbəkələrdə aktivlik insanlarda bu cür hallar yarada bilir:
"Son zamanlarda informasiya bolluğu, sosial şəbəkələrdəki aktivlik və rəqəmsal texnologiyaların inkişafı müasir dünyanın artıq insansız idarə oluna bilməsi fikrini önə çıxarır. Bu isə insanlarda təşviş və təlaş yaradır. Yeniliklər çox vaxt təhlükə mənbəyi kimi qəbul edilir. İnsan zehni dəyişikliklərə qarşı müqavimət göstərir və yeni mövzular, şərait və idarəçilik formaları bizdə narahatlıq doğurur. Bunun fonunda isə stresli və gərgin formada gündəlik rutinimizi davam etdirmək məcburiyyətində qalırıq.
Bu axının qarşısını almaq əlbəttə ki, mümkün deyil. Lakin biz psixoloji immunitetimizi gücləndirə bilərik. Psixoloji immunitet dedikdə insanın öz resurslarını və potensialını tanıması, özünü düzgün qiymətləndirməsi və həyatda mövqeyinə nəzarət etməsi nəzərdə tutulur. Bu keyfiyyətlər insana daha güclü və hazır olduğu hissini verir. Xarici təsirlər qarşısında isə insanın seçim hüququnun olduğunu dərk etməsi vacibdir. Yəni biz informasiya axınının içində bütün bilgiləri mənimsəməli, hər yeniliyə dərhal uyğunlaşmalıyıq kimi bir düşüncə tərzi yanlışdır".
Psixoloq bu kimi halların bizə mane olmamağı üçün təşviş və həyəcanımız ilə əməkdaşlığımızın əhəmiyyətini vurğulayıb:
"Təşviş və həyəcanın bizə mane olmaması üçün onlarla əməkdaşlıq etməyi öyrənməliyik. İnsan olduğunu və hər şeyə yetərli ola bilməyəcəyini qəbul etmək vacibdir. Tükənmişlik və yorğunluq əsasən öz potensial və resurslarını tanımayan insanlarda yaranır. Onlar sosial axına qoşulmaq, hər kəsin alqışladığı mövzulara uyğunlaşmaq üçün özlərini həddindən artıq yükləyirlər. Lakin bu, gec-tez tükənməyə səbəb olur.
Fərdi yanaşma və özünü şəxsiyyət kimi qəbul etmək mühüm mərhələlərdən biridir. İnsan məhz bu şüura çatdıqda ona lazım olan informasiyanı seçməyi bacarır, öz resurslarından yola çıxaraq informasiyanı dəyərləndirir və onu ixtisaslaşdırır. İnformasiya daim internetdə mövcuddur və bizə lazım olduqda ona müraciət edə biləcəyimizi bilmək adaptasiya prosesimizi asanlaşdırır. Bu yanaşma bizi informasiya yükündən qoruyaraq daha sağlam psixoloji vəziyyətdə qalmağımıza kömək edir".
Nuray Qurbanlı