Dezinformasiya vasitəsilə beynəlxalq əlaqələrin sarsılması
Bölmə: Sosial › ,Tarix: 21:08 30.01.2025
“Müasir texnologiya dövründə dezinformasiya beynəlxalq səviyyədə istifadə olunan ciddi silaha çevrilib. Artıq prinsiplər deyil, maraqlar gündəmi təyin edir. Eyni məsələyə yanaşmada hansısa doğru xəbər, məlumat yox, həmin informasiyanın necə təqdim edilməsi daha əhəmiyyətli olub. Bir vacib hadisənin baş verməsindən öncə dövlətlər, böyük korporasiyalar, super güclər dünya ictimaiyyətini bir növ öz maraqlarına uyğun olan “düzgün” istiqamətdə düşünməyə hazırlayırlar”.
Bu sözləri Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu “İnformator.az”a açıqlamasında deyib.
O, qeyd edib ki, yalan, qərəzli xəbərlərin, müxtəlif növ dezinformasiyaların sayı günü-gündən çoxalır:
“Bu dezinformasiya axınında yaşayan insanlar, cəmiyyətlər doğru qərar verməkdə çətinlik çəkirlər. Həyatımız sanki bir siyasi şoudur, onu ciddi qəbul etmək mənasızdır. Dezinformasiyadan harasa qaçmaq mümkünsüz olub. İctimai fikrə təsir etmək üçün hər gün nəsə uydurmaqla məşğul olan kiber-ordular yaradılıb. Bəzən bu informasiya cəbhəsində çalışan şəxslər kimə xidmət etdiklərini, hansı maraqları qoruduqlarını belə dəqiq bilmirlər. Bu xaosu idarə edənlərin adı isə ictimaiyyətə açıqlanmır.
Dezinformasiya axınına qarşı effektiv strategiya qurmağın yolu doğru xəbər paylaşan media qurumlarına dəstək olmaqdan, mövcud olan jurnalistika prinsiplərini gözləməkdən keçir. Cəmiyyət nə qədər düzgün məlumatlandırılsa və xəbərlər dəfələrlə yoxlanılsa, bu, yalan xəbərlərin paylaşılmasının qarşısını almaqda yardımçı ola bilər. Dezinformasiya qarşı effektiv mübarizə aparmaq üçün dövlətlər və media qurumları arasında xüsusi sazişlər də imzalanır. Məsələn, Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu yöndə sazişlər bir sıra başqa dövlətlərlə də var”.
Ekspertin sözlərinə görə, hətta Medianın İnkişafı Agentliyinin (MEDİA) xətti ilə də bir sıra beynəlxalq təşəbbüslər reallaşıb:
“Bu sırada MEDİA-nın Özbəkistanın Kütləvi Kommunikasiya Agentliyi ilə imzaladığı memorandumu xatırlamaq olar.
Dünyanın aparıcı media qurumları digər ölkələrin mətbuatı ilə əməkdaşlıq etmək, bunun vasitəsi ilə yalan xəbər və dezinformasiyanı üzə çıxarmaqda maraqlıdırlar. Media əlaqələrinin gücləndirilməsi, fərd olaraq jurnalistlərin digər ölkələrdə dəqiq məlumat əldə etmək imkanlarının genişləşdirilməsi, məlumatı dəqiqləşdirmək yollarının artması dezinformasiya ilə mübarizədə xeyli yardımçı ola bilər. Belə təhlükələrin qarşısını almaq üçün jurnalistlərin birliyi, yekdilliyi ortaya qoyulmalıdır”.
Nərmin Həşimova