Xurafatlar və Dini İnanclar-Cəmiyyətdəki Təsiri
Bölmə: Sosial › ,Tarix: 23:35 30.01.2025
Xurafatlar, elmi əsaslara dayanmasa da, insanların inanc və təcrübələrində yer alır. Bəzi rəqəmlər və simvollar uğursuzluqla əlaqələndirilir.
Mövzu ilə bağlı İlahiyyatçı Fariz Əhmədli “İnformator.az”a açıqlamasında bildirib ki, islam dini, tarixən xurafata qarşı mübarizə aparmış və insanların yalnız doğru inanc və əməllərə yönəlməsini təmin etməyə çalışıb:
“İslamın ilk dövrlərində ərəblər arasında mövcud olan qız uşaqlarını diri-diri basdırmaq kimi dəhşətli xurafata İslam son qoymuş, bu əməli haram elan etmişdir. Bu mövzu yalnız keçmişlə məhdudlaşmır, İslam dini indiki dövrdə də xurafatla mübarizə aparmağa davam edir. İslam alimləri, hər zaman xurafatları rədd edərək insanların ağıl və məntiqi ilə hərəkət etmələrini, elmi və doğru anlayışlarla hərəkət etmələrini təlqin edirlər. Bu cür düşüncə tərzi, cəmiyyətin düzgün və haqq yolda irəliləməsi üçün vacibdir. Qurani-Kərimdə bəzi rəqəmlər təkrarlanır. Məsələn, 7 rəqəmi Quranda çox işlənir və bunun müəyyən səbəbləri var. Lüğman surəsində belə bir ayə var:
Yerdə olan bütün dənizlər mürəkkəb olsa və bütün ağaclar qələm olsa, üstəlik 7 dəniz də onların köməyinə gəlsə, yenə də Allahın nemətləri yazılıb qurtarmaz.
Burada 7 rəqəmi konkret bir say kimi yox, sonsuzluğu ifadə edir. Yəni nə qədər çox dəniz və qələm olsa da, Allahın nemətləri yazılıb bitməz. Quranda 70 rəqəmi də işlənir və bu da eyni məna daşıyır – yəni sonsuzluğu və ya çoxluğu ifadə edir.
40 rəqəmi də İslamda xüsusi məna daşıyır. Məsələn, peyğəmbərlik vəhyinin Hz. Məhəmmədə 40 yaşında gəlməsi, insanların ruhən və fiziki cəhətdən 40 yaşında kamilləşməsi kimi məsələlər var. Bu rəqəmlərin Quranda və İslam mədəniyyətində işlənməsi onların müəyyən mənəvi və simvolik əhəmiyyət daşıdığını göstərir.
Cəmiyyətimizdə dünyasını dəyişən insanlar üçün keçirilən 3, 7 və 40 mərasimlərinin isə cahilliklə bağlı olmadığını düşünə bilərik. Bunların tarixi və mədəni əsasları var. 3-cü gün mərasimi daha çox yaxın qohumların, dostların bir yerə toplaşıb mərhuma dua etməsi və ailəsinə başsağlığı verməsi üçün keçirilir. 7 və 40 gün isə insanın yaxınlarının yas müddətini simvolizə edir və eyni zamanda mərhumun ruhu üçün edilən duaların davamlı olmasını vurğulayır.
Lakin bu cür rəqəmlərə xüsusi mistik güc aid etmək, onların öz-özlüyündə nəyisə dəyişdirdiyinə inanmaq İslamın ruhuna uyğun deyil. İslam rəqəmlərə deyil, insanın niyyətinə, əməllərinə və imanına önəm verir. Dünyasını dəyişmiş insanın 3-cü, 7-ci və 40-cı günlərinin ağır günlər olması barədə hədislər var. Bu günlərin mərhum üçün ən çətin və sorğu-sual dövrü olduğu bildirilir. Ona görə də İslamda həmin günlərdə mərhumun ruhuna ehsan vermək tövsiyə olunur ki, bu dualar və savab əməllər onun sorğusunu asanlaşdırsın”.
Fazil Əhmədli, xurafatlardan uzaq durmanın və doğru dini anlayışa sahib olmanın vacibliyini vurğulayaraq, müsəlmanların ağıl və məntiqi ön planda tutmalarını tövsiyə edib:
“İnsanın qarşısına qara bir şey çıxanda işlərinin düz gətirməyəcəyini düşünməsi də tamamilə əsassızdır. Qara bir şeylə ağ bir şey arasındakı fərq sadəcə rəng fərqidir, onların insanın taleyinə təsir etmək kimi bir gücü yoxdur. Bu cür inanclar xurafatdan başqa bir şey deyil və İslam dini həmişə bu cür yanlış inanclara qarşı olub.
İslam insanları xurafatlardan uzaq durmağa və hadisələrə məntiqi yanaşmağa çağırır. Rəqəmlərin və ya rənglərin insan həyatına təsir etdiyinə inanmaq dini və elmi baxımdan əsassızdır. Əsas olan insanın niyyəti və əməlləridir. İnsanın ayağına süpürgə dəyməsi, 13 rəqəminin uğursuz hesab edilməsi və ya müəyyən günlərdə evdən çıxmamaq kimi inancların heç bir elmi və dini əsası yoxdur. Bunlar sadəcə insanlar arasında sınama yolu ilə yayılmış və zamanla xurafata çevrilmiş inanclardır.
Məsələn, bəzi insanlar müəyyən rəqəmləri uğurlu hesab edirlər. Sənin dostunun 8 rəqəmini sevməsi və ona hər zaman uğur gətirdiyini düşünməsi də bu cür bir inancla bağlı idi. Lakin anasının ayın 8-də dünyasını dəyişməsi bu rəqəmin heç bir xüsusi mənaya sahib olmadığını göstərdi. Yəni 8 rəqəmi nə daim uğurludur, nə də daim uğursuz. Bir gün həmin rəqəm insan üçün yaxşı bir hadisə ilə, digər gün isə pis bir hadisə ilə üst-üstə düşə bilər. Bu isə sadəcə təsadüfdür.
İslam dini bu cür xurafatların əleyhinə olub və həmişə insanları ağıla, məntiqə və Allaha olan təvəkkülə çağırıb. Quranda və hədislərdə insan taleyini müəyyən edən şeyin rəqəmlər, günlər və ya əşyalar olmadığı açıq şəkildə bildirilir. Əsas olan insanın öz əməlləri, imanlı olması və düzgün yol tutmasıdır.
Bu səbəbdən İslam maarifi və İslam təhsili həmişə bu cür batil inanclara qarşı çıxıb və insanları həqiqi dini dəyərləri anlamağa təşviq edib. Rəqəmlərin və ya müəyyən hadisələrin insan taleyinə təsir etdiyinə inanmaq sadəcə xurafatdır və insanın gerçək həyatda doğru qərarlar verməsinə mane ola bilər”.
Xanım Ağamalıyeva