Texnologiyanın Sürətli İnkişafı və Yaşlı Nəsilin Çətinlikləri

Bölmə: Sosial › ,
Tarix: 20:13 30.01.2025

Son illərdə texnologiyanın inkişaf sürəti elə bir səviyyəyə çatıb ki, artıq yaşlı nəslin, hətta gənclərin və aktiv insanların belə bu yeniliklərlə ayaqlaşması çətinləşib. Bu inkişaf çox qəfil və kəskin dəyişikliklərlə müşahidə edilir ki, bu da yaşlılar üçün xüsusilə çətinlik yaradır. 

 

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı "informator.az" saytına açıqlamasında bildirib ki, yaşlılar daha çox ənənəvi və sadə həyat tərzi yaşamağa üstünlük verirlər:

 

"Hətta bu yanaşma, bəzi hallarda, daha düzgün hesab oluna bilər, çünki texnologiyaya həddindən artıq bağlılıq insanın təbii hissiyatlarını azaldır, onu robotlaşdıra bilər. Məsələn, bu gün vergi əməliyyatlarını həyata keçirmək üçün xüsusi təhsil, müasir texnika, bahalı telefonlar və kompüterlərə ehtiyac yaranır. Bu isə yaşlı nəsil üçün daha çətin olur, çünki onların həm texniki bilikləri, həm də səbrləri bu dəyişiklikləri qəbul etməyə yetmir. Gənclər isə texnologiya ilə birgə böyüdükləri üçün bu yeniliklərə daha asan uyğunlaşırlar. Onların beyinləri bu texnologiyaları daha tez qəbul etməyə və onlarla işləməyə uyğunlaşıb".

 

 Ekspertin sözlərinə görə, bu cür sürətli dəyişikliklər insanlarda çaşqınlıq yaradır:

 

"Texnologiyanın inkişafı müəyyən bir standart əsasında qurulmalıdır. İndiki halda hər şeyin sürətlə dəyişməsi, insanların təbii həyat tərzindən uzaqlaşmasına səbəb olur. Bu isə həm gənclər, həm də yaşlılar üçün uyğun deyil. Keçmişdə, texnikanın sürətli inkişafı belə deyildi və hər şeyin müəyyən bir qaydada olduğu qəbul edilirdi. İndi isə hər gün yeniliklər tətbiq edilir, hətta insanlar yuxudan oyananda belə, sistemlər artıq dəyişmiş olur. Bu isə cəmiyyətin hər bir fərdi üçün qeyri-təbii bir vəziyyət yaradır. Bir çox məsələdə, texnologiyanın təzyiqi ilə yanaşı, ənənəvi və sadə əməliyyatlar da mövcud olmalıdır. Elektron sistemlərdən istifadə etmək istəməyənlər və ya bu texnologiyaları qəbul etməyənlər üçün ənənəvi üsulların paralel olaraq tətbiqi təmin edilməlidir. Cəmiyyət hər yaşda olan fərdlərin hüquqlarını qorumaqla yanaşı, onlara rahatlıq və seçim imkanı yaratmalıdır. Beləliklə, biz zamana uyğunlaşmağa məcbur olmadan, həm müasir, həm də ənənəvi yanaşmaları birləşdirərək daha balanslı və inklüziv bir sistem qura bilərik".

 

Çinarə Tarverdiyeva