Şagirdlərin bilikləri hansı üsulla qiymətləndirilməlidir?
Bölmə: Sosial › ,Tarix: 18:48 30.01.2025
Hazırda orta məktəblərdə təhsil sisteminin ən çatışmayan cəhəti məktəbdaxili qiymətləndirmədir. KSQ(Kiçik Summativ Qiymətləndirmə) və BSQ(Böyük Summativ Qiymətləndirmə) test formasında keçirilən bu qiymətləndirmə tamamilə formal xarakter daşıyır. Belə qiymətləndirmənin bəzi mənfi cəhətləri var. Bir çox hallarda suallar sosial şəbəkələrdə yayılmış olur və şagirdlərin sualların məzmunundan xəbəri olur.
BSQ və KSQ sistemi nə qədər düzgündür ?
Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, müəllim paralel siniflərdə eyni summativi işlədir deyə sonrakı dərs saatı və ya dərs günündə işlədilən summativdən şagirdlər xəbərdar olur:
"Nə qədər qarşısı alınmağa çalışılsa da summativ yazarkən köçürmə, kitabdan istifadə halları kütləvi xarakter daşıyır. Müəllim və məktəb rəhbərliyi sonradan summativlərə müəyyən düzəlişlər edir. Testlə keçirilən Summativlər şagirdlərdə əzbərçilik formalaşdırır. Adətən şagirdlərə 2 yazmaq qadağan edilir deyə, bu da onlarda arxayınçılıq yaradır və kütləvi savadsızlığa gətirib çıxarır. Şagird testi bilməyərəkdən belə variantları qeyd edərsə minimum 30+ bal toplayıb 3 almaq şansı olur".
Ekspert sözlərində qeyd edib ki, bir müəllimin il ərzində bu qədər summativi yüksək səviyyədə hazırlayıb keçirməsi və yoxlaması da fiziki cəhətdən mümkün olmur:
"Bir daha altını cızaraq qeyd edirəm ki, hazırda KSQ, BSQ qiymətləndirməsi orta təhsilin keyfiyyərinə ən böyük zərbə vuran amildir. Məhz bu sistemə görə orta məktəb təhsili repetitorluq sisteminə uduzur. Çünkü orta təhsildə nəticələr düzgün qiymətləndirilmir".
Nigar Səmədli