Startapların yaranması və investisiya cəlb etmə yolları

Bölmə: Sosial › ,
Tarix: 19:15 30.01.2025

Uğurlu startap yaratmaq üçün ilk addım real bazar ehtiyacını müəyyənləşdirmək və həmin problemi həll edə biləcək unikal bir həll yolu inkişaf etdirməkdir.

 

Mövzu ilə bağlı ATruck startup-ın təsisçisi İlqar Tağıyev "informator.az"a açıqlamasında bildirib ki, startap yaratmaq ideyadan yox, problemdən başlayır. Bir startapın əsasında hər zaman real bir problem dayanır:

 

“Yəni, kimsə oturub "mən startap yaratmaq istəyirəm" deyə düşünmür. Əsas olan, real həyatda və ya bazarda mövcud olan bir problemi görmək və bu problemə effektiv həll yolu tapmaqdır. İstər şəxsi təcrübədən, istərsə də cəmiyyətin ehtiyaclarından qaynaqlanan problemlər, innovativ həllər yaratmaq üçün ilkin addımdır. Əsas məsələ, bu problemin həqiqətən vacib və geniş auditoriya üçün aktuallığını anlamaqdır. Həmçinin, təqdim edilən həllin digər mövcud həllərdən nə ilə fərqləndiyini və üstünlüyünün nə olduğunu dəyərləndirmək lazımdır.


Bu gün tamamilə unikal bir ideya tapmaq çətindir. Çox vaxt startaplar ya mövcud həlləri daha da inkişaf etdirir, ya da onları yeni bazarlara və auditoriyalara uyğunlaşdırır. Məsələn, müəyyən bir sahədə xidmət göstərən bir platformanı götürüb, onu daha sürətli, daha əlçatan və ya daha sərfəli etmək də innovasiya sayılır".

 

İnvestorun Diqqətini Necə Cəlb Etmək Olar?

 

"İnvestorlar əsasən nəticələrə və icra potensialına baxırlar. Çünki ideya təkbaşına dəyər yaratmır, onu uğurla həyata keçirmək lazımdır. Ona görə də:
Startap artıq müəyyən bir mərhələyə çatmalı, yəni ilkin nəticələr göstərməli, problemin həqiqətən mövcud olduğunu sübut edən bazar araşdırmaları təqdim edilməli və həll yolunun bazarda real ehtiyacı qarşıladığı göstərilməlidir.

 

Startapın böyümə potensialı olmalıdır. Yalnız lokal bazar üçün deyil, qlobal səviyyədə genişlənə biləcək bir model qurulmalıdır.
Bəzən investorlar yalnız ideyaya deyil, onu həyata keçirəcək komandaya da investisiya edirlər. Yəni, əsas məsələ təkcə ideyanın keyfiyyəti yox, həm də onu icra edəcək şəxsin və ya komandanın bacarığıdır. Güclü komanda, doğru strategiya və bazar ehtiyaclarını düzgün analiz edən yanaşma investorlar üçün cəlbedici olur".

 

Müsahib bildirib ki, VC-lərin əsas üstünlüyü odur ki, onlar təkcə kapital qoymurlar, həm də startapın inkişafı üçün müxtəlif mənbələr təqdim edirlər:

 

“Mentorluq, hüquqi dəstək, bazara çıxış imkanları və s. Bununla yanaşı, hər bir investorun fərqli yanaşması var. Bəzən investorlar biznes modelin müəyyən hissələrinə müdaxilə edir və bu, startapı onun ilkin strategiyasından uzaqlaşdıra bilər. Bəzi hallarda bu dəyişikliklər müsbət nəticə verə bilər, çünki investorlar fərqli bazar təcrübələrinə sahib olurlar. Amma bəzən də investorlar problemi startap sahibinin özü qədər dərindən anlamaya bilərlər. Bu zaman onların verdiyi məsləhətlər biznesin əsas məqsədindən uzaqlaşmasına səbəb ola bilər".

 

Aydan Quliyeva