"Moskva Trampın Ukraynanı NATO-ya cəlb etmək səhvi ilə bağlı sözlərini alqışlayır"

Bölmə: Siyasət › ,
Tarix: 15:18 05.02.2025

"ABŞ Prezidenti Donald Trampın Ukraynanı NATO-ya cəlb etmək səhvi ilə bağlı sözlərini alqışlayırıq",- bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

"Moskva Trampın Ukraynanı NATO-ya cəlb etmək səhvi ilə bağlı sözlərini alqışlayır. Bu sözləri ilk dəfə Qərb lideri, təkcə Qərb lideri deyil, ABŞ-nin, deməli, bütün Qərb dünyasının lideri deyib", - Rusiya XİN başçısı vurğulayıb.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ-nin hazırkı prezidenti Donald Trampın daxili və xarici siyasəti demokratlardan tam fərqlidir:

 

"Tramp xarakter baxımından da bir qədər fərqli insandır. Ömrünün çox hissəsini biznes işlərinə sərf etdiyi üçün əsasən maddi maraqlar üzərindən siyasət yürüdür. Şübhəsiz ki, Ukrayna və Rusiya arasındakı müharibə əsasən Ukraynanın NATO-ya cəlb edilməsi ilə bağlıdır. Savaş başlamamış ehtimallar fərqli ola bilərdi və Rusiyanın asanlıqla məğlub olacağı hesabı yanlış idi. İndiki halda ABŞ Ukraynaya maddi yardımı davam etdirsə də, yenə də savaşın aqibəti naməlumdur və uzanması da ABŞ-nin ziyanınadır. Həmçinin, Trampın siyasəti daha çox Meksika körfəzi istiqamətinə yönəlib. O, özündən əvvəlki prezidentin bütün qərarlarını heç zaman düzgün saymayıb.

Rusiya isə təbii ki, Trampın bu sözünü müsbət qarşılamalıdır. Çünki Rusiyanın da savaş məqsədi Ukraynanın NATO-ya cəlb edilməsinə mane olmaq idi. ABŞ isə hazırda Ukraynanı deyil, Rusiyanın özünü neytrallaşdırmaq istəyir. Ümumiyyətlə, savaşın dayanması və münasibətlərin normallaşması üçün bu cəsarətli və ciddi addımdır. Trampın bu cür qərarları təzadlı görünsə də, hər halda müharibəni dayandırmaq üçün əsas prinsipdir.

ABŞ-nin rəsmi siyasətini hazırda Tramp administrasiyası yenidən formalaşdırır. Trampın hazırkı maraq və mənafeyi tam başqa istiqamətə yönəlib. Onun üçün Rusiya-Ukrayna savaşı ikinci cəbhədə savaşmaq deməkdir və bu ona sərf etmir. Çünki yaxın zamanda görünür ki, o, Amerika qitəsində yeni münaqişə ocaqları yarada biləcək addımlar atacaq. Eyni zamanda, Yaxın Şərqdə İsraillə bağlı məsələlər var. Ola bilsin, yeni planlar üzrə fərqli üsullarla fəaliyyətini davam etdirəcək".

 

Politoloqun sözlərinə görə, Tramp düşmən qazanmaqdan çox dost qazanmağa meyllidir:

 

" Amma bu onun siyasətinin görünən tərəfidir. Ölkəsindən min kilometrlərlə uzaq ölkələrdə milyardlarla dollar sərf edərək münaqişələrə vəsait ayırmaq ona sərf etmir. O, daha çox ABŞ-ni daha da gücləndirmək istəyir.

Fəqət onun bu addımından sonra gərək Rusiya da növbəti kompromisə getsin və Ukrayna torpaqlarından çəkilsin. Rusiya Ukraynadan çəkilməməsini bununla əsaslandırır ki, Ukrayna NATO-ya cəlb edilib və ona təhlükə yarada bilər. Tramp isə bu sözlərlə belə bir təhlükənin olmadığını, ümumiyyətlə, bunun səhv olduğunu deməklə Rusiyanın geri çəkilməsini təmin etmək istəyir. Əgər bundan sonra Rusiya sülhə gəlməsə və yeni bəhanələr ortaya qoysa, Tramp siyasətini tam dəyişə bilər və sanksiyalar da daxil olmaqla Rusiyaya daha ciddi təsir göstərə bilər".

 

Aygün Babayeva