Hər şeydən xəbərdar olmaq ehtiyacı insanlara necə təsir edir?

Bölmə: Sosial › ,
Tarix: 17:12 05.02.2025

Hər gün həyatımızda qarşılaşdığımız ən böyük məsələlərdən biri seçimlərimizin çoxluğudur.

 

Bu mövzu ilə bağlı psixoloq Aydan Məmmədova "informator.az" açıqlamasında bildirib ki, bu dövrün ən böyük paradokskarından biri də budur: 

 

"Daha çox seçim daha çox azadlıq gətirə bilər. Amma eyni zamanda daha çox narahatlıq və qarışıqlıq da yaradır. Həm də müasir dövrün ən böyük əlamətlərindən biri hər şeydən xəbərdar olmaq istəyimizdir. Bütün xəbərləri, hadisələri, insanları izləmək istəyirik, amma bu davamlı məlumat axını, bizi bəzən yorur və təzyiq altına alır. Bu da nəticədə, psixologiyamızda ağır yük yaradır.

Çox seçim imkanı bizə müəyyən bir dərəcədə azadlıq verir, amma eyni zamanda bu azadlıq, bəzən böyük bir yükə çevrilə bilər. Məsələn, supermarketə gedəndə, minlərlə məhsul arasından ən yaxşısını seçmək istəyirik, amma seçim etmədikdə də vicdan azabı çəkirik. "Hansı biri daha yaxşıdır? Hansı məhsulu almalıyam?"

Bu, hər an qarşılaşdığımız bir vəziyyətdir. Seçimlərin çoxluğu, bizim hər qərarı düşünməyimizə, mübahisə etməyimizə və daha çox stres yaşamamıza səbəb olur. Bəzən düşünürük ki, hər şeyin mükəmməl olması lazımdır və nəticədə hər qərarımızın düzgün olması təzyiqi altında qalırıq. Bu da bizi yorur, və bəzən heç nə seçməməyi daha asan və rahat hesab edirik. Nəticədə, seçim azadlığı bəzən ən böyük çətinliyə çevrilir.

İnternetin və sosial medianın gücü ilə, hər an yeni bir şey öyrənmək istəyirik. Bütün xəbərləri izləyirik, dostlarımızın həyatını öyrənirik, amma bu, bir növ məlumat zəhəri kimi bizi yavaşca yeyir. Hər an yeni bir şeyin qaçırılma ehtimalı, bizim narahatlığımıza səbəb olur".

 

Psixoloqun sözlərinə görə, insanlar daim bir şeyə gecikdiklərini, bir şeydən kənarda qaldıqlarını düşünürlər:

 

" Bunun nəticəsində, FOMO (Fear of Missing Out) adlı bir hiss yaranır FOMO - başqalarının həyatında baş verənləri qaçırmaq qorxusudur və bu qorxu insanları daha çox izləməyə, hətta öz həyatlarını başqaları ilə müqayisə etməyə səbəb olur.

"Yoxsa bu məlumatı qaçırdım?" və ya "Bəs mən niyə hələ bu barədə məlumatım yoxdur?" Bu, həddən artıq informasiya yüklənməsinə səbəb olur və insanı psixoloji cəhətdən sarsıdır. Məlumat bombardmanı, anksiyete, narahatlıq və qərarsızlıq yaradır. Həmçinin, sosial mediadakı parlaq və mükəmməl həyatlar, insanları öz həyatlarını başqaları ilə müqayisə etməyə vadar edir. Bu zaman özlərini əksik hiss etməyə başlayırlar. Onlar başqalarının həyatını izləyərək, öz həyatlarını unudurlar və ən pis tərəfi odur ki, bir çoxları bu həyatlara çatmaq arzusuna düşürlər, ancaq bu, yalnız daha çox stress və psixoloji çətinliklərə yol açır. İnsanlar bir növ başqalarının həyatı ilə öz həyatlarını müqayisə edərək öz kimliklərini itirir və bunun nəticəsində özlərinə qarşı məmnuniyyətsiz olurlar".

 

Müsahibimiz psixoloji təzyiq altında qalmamaq və informasiyadan həddən artıq yüklənməmək üçün hansı üsulları tövsiyə etdiyini də qeyd edib:

 

"Sadəcə seçmək həyatımıza aydınlıq gətirə bilər. Hər şeydən xəbərdar olmaq, ən yaxşı seçimi etmək heç də həmişə vacib deyil. İlk növbədə, nəyə diqqət etməli olduğumuzu bilmək və qalanını bir kənara qoymaq vacibdir. Hər səhər və ya hər həftə bir neçə saat telefonlarımızı və sosial medianı yandırmaq, beynimizi dincəltmək üçün çox faydalıdır. Bu, informasiya selinin içində batmaqdan xilas edər. Eyni zamanda, sadə şeylərə diqqət yetirmək də böyük dəyişikliklərə gətirib çıxara bilər. Həyatın səsinin və həyatın özünün dadını çıxarmaq bizi daha məmnun və sakit edər. Bədənimizi və ruhumuzu dinləyərək hər şeyin nə qədər sadə olduğunu görə bilərik.

Əgər hər şeyi idarə etməyə çalışmaq sizi yorursa, sadəcə dayanıb, nəfəs alın, çünki həyatınızı təyin edən nə qədər çox seçim etdiyiniz deyil, hansı seçimləri düzgün etdiyinizdir. Və hər kəsə xatırladıram: Sadəlikdə güc var! Həyatınızı başqalarının deyil, öz yolunuzla yaşayın, çünki yalnız öz həyatınızı mənalı şəkildə yaşadığınızda həqiqətən azad olacaqsınız".

 

Nigar Həsənzadə