Qonşuların narahatlığına səbəb olanlar cərimələnəcək?-Hüquqşünasdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:18 05.02.2025

Son zamanlar yaşayış binalarında səs-küy problemi daha da aktuallaşıb. Gecə saatlarında yüksək musiqi, təmir işləri və ya uşaq səsindən şikayətlənən sakinlər narahatlıqlarını ifadə edirlər. 

 

Mövzu ilə bağlı hüquqşünas Tural Həsənli “informator.az”a açıqlama verib.

 

“Bir çox hallarda vətəndaşlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər. Bina evində yaşayanlar üst qonşuların və ictimai-iaşə obyektlərinin səsindən, eləcə də, həyət evlərində yaşayanlar da digər şəxslərin yaratdığı səs-küydən narahat olurlar. Çox insan narahat olsa da, düşünür ki, hər kəs öz evində istədiyi kimi səs çıxara bilər. Buna görə də, hansı addımları atacaqlarını bilmirlər”.

 

O bildirib ki, ölkəmizdə də səs-küylə digər şəxsləri narahat etmə ehtimalına qarşı hüquqi prosedurlar və müvafiq normalar vardır:

 

“Qonşuların təmir işləri aparması, yaşadıqları ərazidə digər sakinlərin narazılığına səbəb olan səs-küylərin qarşısının alınması qanunvericiliklə tənzimlənir. Bir çox hallarda sosial platformalar üzərindən də vətəndaşların gecə radələrində müxtəlif restoran və s. kimi ictimai-iaşəobyektlərinin yaratdığı səs-küydən şikayətləndiklərinin şahidi oluruq. 

İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən,(Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması)Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Mülki Məcəllənin 171-ci maddəsinə əsasən, (Qonşu təsirinə dözmək vəzifəsi) torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli fərmanı ilə təsdiqlənib.Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları müvafiq cədvəl əsasında müəyyən edilib".

 

Hüquqşünas həmçinin vurğulayıb ki,vətəndaşlar pozulmuş hüquqlarının bərpası və ya müdafiəsi ilə bağlı problemlərlə aidiyyatı orqanlara müraciət etmək hüququna malikdirlər:

 

“Bu cür məsələlər araşdırıldıqdan sonra pozuntu faktı müəyyən edilərsə  təqsirli şəxslər qanunla məsuliyyətə cəlb edilməlidirlər və ya vurulmuş zərəri ödəməyə görə cavabdeh kimi müəyyən edilərək müəyyən edilmiş qaydada öhdəlik daşıyırlar”.

 

Səkinəbəyim Cəfərova