Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək istədiklərini açıqlayıb
Bölmə: Dünya › ,Tarix: 13:41 07.02.2025
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək istədiklərini və bu istiqamətdə lazım gələrsə, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
"RAZILAŞA BİLSƏK, PUTİN İLƏ GÖRÜŞMƏYƏ HAZIRAM"
Zelenski, ikitərəfli görüşdən sonra Odil Renaud-Basso ilə keçirdiyi mətbuat konfransında ölkəsində davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib. Müharibəni bitirmək üçün Rusiya Prezidenti Putinlə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandıran Zelenski belə deyib:
"Əlbəttə ki, həm ABŞ, həm Prezident Tramp, həm də Avropa İttifaqı ölkələri Rusiyasız, Putinsiz diplomatiyanın mümkün olmadığına inanır. Bu səbəbdən dedim ki, əgər bu müharibənin bizim üçün necə nəticələnəcəyi ilə bağlı razılığa gələ bilsək, mən Putinlə görüşməyə hazıram. Diplomatiyaya hazırıq, bu mövzuda heç bir problemimiz yoxdur. Problem ondadır ki, mənə elə gəlir, Putin prinsip etibarilə mənimlə müharibəni bitirmək barədə danışmaqdan qorxur".
Zelenski əlavə edib: "Amma yenə də Trampın onu müharibəni bitirməyə məcbur edə biləcəyini düşünürəm".
"DİPLOMATİYAYA HAZIRIQ"
Zelenski, müharibəni bitirmək üçün öz baxışlarını daha əvvəl Tramp ilə paylaşdığını xatırladaraq deyib:
"Lakin yenə də bunun ortaq anlayış və baxış olmasını təmin etmək üçün çalışacağıq. Rusiya bir şeydən xoşlanmasa belə, tərəfdaşlar arasında ortaq bir vizyona ehtiyacımız var. Daha sonra isə diplomatiyaya hazırıq".
Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi olaraq təyin etdiyi Keyt Kelloqun müharibənin bitməsi ilə bağlı bir plan hazırladığı barədə iddiaları xatırladan Zelenski, "Rəsmi danışıqları və nəticələri gözləyəcəyik",- deyə bildirib.
EBRD UKRAYNANIN ENERJİ SEKTORUNA DƏSTƏYİNİ DAVAM ETDİRƏCƏK
EBRD prezidenti Renaud-Basso da ötən il ayırdıqları 2,4 milyard avro ilə birlikdə müharibənin başlanğıcından bəri Ukraynaya 6,2 milyard avroluq dəstək verdiklərini qeyd edib. Renaud-Basso, Ukraynanın enerji sektorunda layihələr yaratmağa və özəl sektoru dəstəkləməyə davam edəcəklərini bildirib.
Mənbə: Haberler
Aygün Babayeva