"Azərbaycan və Ermənistan arasında müharibə gözlənilmir"-Politoloqdan ŞƏRH
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/2157040_1.jpg)
Tarix: 16:39 11.02.2025
Paşinyan öz məqaləsində yazıb ki, Ermənistanın Azərbaycanla müharibə etmək niyyəti yoxdur. Hətta guya bəzi ərazilərin Azərbaycanın işğalı altında olduğunu iddia edərək yenə də heç bir hərbi münaqişə etməyəcəklərini yazıb. O Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının uğurla davam etdirildiyini və regionda heç bir eskalasiya riskinin olmadığını vurğulayıb. Onun yazdıqlarına görə guya Azərbaycan Ermənistan üzərinə hücum edəcəyi üçün Ermənistanın müharibəyə hazırlaşması kimi fikirlər yaradır.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, yaxın zamanlarda ciddi bir məsələ olmasa Azərbaycan və Ermənistan arasında müharibə gözlənilmir:
"Müharibə artıq 4 ildir ki, bitib. Amma Ermənistan hələ də sülh müqaviləsi imzalamağa hazır deyil. Onlar Azərbaycanın haqlı tələblərini qulaq ardına vururlar. Konstitusiyalarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır və buna görə də sülh müqaviləsi imzalanmır. Ermənistanın guya Azərbaycanın müharibəyə hazırlaşması fikirləri yanlışdır. Ermənistan özü sərhəddə səngərlər qazır, yeraltı mühəndis kommunikasiyaları qururlar. Bu da onu göstərir ki, əksinə, Ermənistan buna hazırlaşır. Ermənistanın müharibəyə hazırlaşdığını göstərən əsas göstəricilərdən biri də silahlanmaya vəsait ayırmasıdır. Bundan əlavə, Fransa və digər ölkələrdən Ermənistana silahlar verilir. Eyni zamanda, ABŞ-nin USAİD təşkilatı da keçən il Ermənistana 250 milyon yardım ayırdı, bu da təbii ki hərbiyə xərcləndi. Ermənistan son illər uzaqmənzilli hücum silahları alır. Yəni bunlar özlərinin dediyi kimi müdafiə məqsədi daşımır. Azərbaycan isə öz sərhədlərini qoruyur, heç bir müharibəyə hazırlıq aparmır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarında bərpa-quruculuq işləri aparır. Qərbi Azərbaycan İcmasının fikirləri də Ermənistanı qorxudur. Ermənistan bunu düzgün başa düşmür və guya bunun Azərbaycanın Ermənistana ərazi iddiası kimi qəbul edir. Bu belə deyil; beynəlxalq konsevsiyalara, BMT-nin İnsan Hüquqları Konvensiyasına görə hər bir insanın əvvəllər yaşadığı yerdə yaşamaq hüququ var. Buna görə də Qərbi Azərbaycan İcması öz ata-baba yurdlarına qayıtmaq və burada yaşamaq istəyirlər. Bunun üçün də sivil mübarizə aparırlar: BMT-ə müraciət edirlər, Ermənistanın baş nazirinə müraciət edirlər ki, onların ata-baba torpaqlarında təhlükəsiz yaşamaqlarına şərait yaradılsın. Azərbaycan müharibə bitəndən bəri quruculuq-bərpa və minaların təmizlənməsi işləri, insanların öz torpaqlarına qayıtması və təbii olaraq hərbi gücünü artırmaqla məşğuldur. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik və Ermənistana qarşı ərazi iddiamız yoxdur. Baxmayaraq ki, hazırki Ermənistanın da böyük hissəsi Azərbaycana məxsusdur".
Politoloq qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir:
"Bizim sadəcə tələbimiz odur ki, Ermənistan öz konstitusiyasında olan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin və Azərbaycanla sülh müqaviləsi bağlasın. Bundan sonra da təbii ki kommunikasiyalar açılacaq və Ermənistanla münasibətlər normallaşacaqdır. Ermənistan isə hələlik öz fikirlərini irəli sürməyə çalışır. Burada isə Ermənistana ‘’bacılıq’’ edən Fransanın rolu böyükdür. Ona görə hesab edirəm ki, yaxın zamanlarda ciddi bir məsələ olmasa Azərbaycan və Ermənistan arasında müharibə gözlənilmir".
Günel Verdiyeva