Milyardlarla dollar risk altındaykən, Tramp administrasiyası federal çip müqavilələrindən "müxtəliflik" və "miqrant" kimi sözləri çıxarır
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/6286241_3.jpg)
Tarix: 18:32 11.02.2025
Tramp administrasiyası, ABŞ-da yarımkeçirici istehsalını artırmaq üçün yerli şirkətlərlə bağlanmış milyardlarla dollarlıq federal müqavilələrdə “miqrant” və “müxtəliflik” kimi sözlərin axtarılmasını dövlət işçilərindən tələb edir. Bu addım müqavilələrin dəyişdirilə və ya ləğv edilə biləcəyi ilə bağlı işçilər arasında narahatlıq doğurur.
Məlumata görə, cümə günü axşam Amerika yarımkeçirici çip zavodlarının tikintisinə və işçi qüvvəsinin təliminə nəzarət edən Ticarət Departamentinin işçiləri onlarla sözün axtarılmasını tələb edən bir siyahı alıblar. Çərşənbə axşamı son tarix olduğundan, işçilərə tələbləri yerinə yetirmək üçün cəmi bir neçə gün vaxt verilib.
Bayden administrasiyasının prioriteti olan ÇİPS və Elm Qanunu Konqresdə iki partiyanın dəstəyi ilə qəbul edilib. Lakin yeni administrasiya Prezident Donald Trampın vəzifəyə gəldiyi ilk günlərdə imzaladığı bir sıra icra əmrlərini həyata keçirmək məqsədilə ÇİPS müqavilələrini bu açar sözlər baxımından nəzərdən keçirib.
Nümunələrə daxildir: miqrant, sənədsiz, xarici yardım, Yaşıl Yeni Saziş, iqlim dəyişikliyi, müxtəliflik, bərabərlik, irqçilik, ayrı-seçkilik, transgender, LGBT, abort, hamiləlik, doğum nəzarəti və döl. Ümumilikdə təxminən 150 termin var.
Risk yüksəkdir: hökumət ABŞ-nin süni intellektdən tutmuş avtomobillərə qədər hər şeyi idarə edən kritik yarımkeçirici çiplər üçün Çinə və ya digər ölkələrə asılı olmamasını təmin etmək məqsədilə Milli Yarımkeçirici Texnologiya Mərkəzinə 5 milyard dollardan çox vəsait ayırıb. Bu vəsaitdən 250 milyon dolları Silikon Vadisində yerləşəcək işçi qüvvəsi təlim mərkəzinin yaradılmasına ayrılıb.
Konqresdəki respublikaçılar və digər mühafizəkar tənqidçilər ÇİPS Qanunu qəbul edildiyi gündən bəri Bayden administrasiyasını müqavilə əldə etmək üçün ABŞ şirkətlərinə müxtəliflik və digər liberal prioritetlərlə bağlı çox sayda tələblər irəli sürməkdə ittiham ediblər. Tramp administrasiyası isə sadəcə bu tələbləri aradan qaldırmaq üçün müqavilələri dəyişdirmək istəyə bilər.
CNN
Nuray Qurbanlı