Azərbaycan Televiziyasının İşığında: Mədəniyyətin Yüksəlişi və Yeni Dövrün Doğuşu

Tarix: 16:36 14.02.2025
Azərbaycan Televiziyasının yaranması 1956-cı ilin 14 fevralına təsadüf edir. Bu tarixdə, Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə olaraq televiziya yayımına başlanıb. Azərbaycan Televiziyasının yaranması, ölkə üçün böyük bir mədəni və texnoloji irəliləyiş idi. Bu, Azərbaycanın sovet dövründəki ən mühüm mədəni hadisələrdən biri idi və kütləvi informasiya vasitələrinin inkişafında yeni bir dövr başlatdı.
Azərbaycan Televiziyasının ilk proqramları əsasən mədəniyyət, musiqi və xəbər proqramları üzərində qurulmuşdu. Yayımın başlanğıcı ilə ölkədə televiziya izləyiciləri artmağa başladı və bu, informasiya və mədəniyyətin xalq arasında yayılmasını təmin etdi. 1956-cı ildə başlanan bu proses, sonrakı illərdə Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği üçün böyük bir platforma yaratdı.
Mövzu ilə bağlı "informator.az"a müsahibə verən professor, "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiri Qulu Məhərrəmli bildirib ki, Bakı televiziya studiyasının yayıma başlaması Azərbaycan tarixində ciddi hadisələrdən biri idi:
"1956-cı il fevralın 14-də Bakı Televiziya studiyasının yayıma başlaması Azərbaycan xalqının mədəniyyət tarixində,mətbuat tarixində çox ciddi hadisələrdən biri idi. Əlbəttə,televiziyanı birinci növbədə təbliğat-təşviqat vasitəsi kimi nəzərdə tuturlar. Çünki ideoloji bir cəmiyyətin televiziyası idi.
Amma o ideologiyadan əlavə,əlbəttə ki, bu televiziya Azərbaycan xalqının mədəniyyətinin formalaşmasında, milli dəyərlərin təbliğində, musiqi mədəniyyətimizin formalaşmasında və təbliğində, ana dilimizin normalarının formalaşmasında, nitq mədəniyyətinin yüksək bir tribunaya çevrilməsində televiziya həlledici rol oyanıb. Radiodan sonra meydana çıxan televiziya bütün mədəni dəyərlərin formalaşması və Azərbaycan xalqının ictimai şüurunun inkişafında mədəni dəyərlərin özünəməxsus yer tutmasında önəmli rol oynayıb. Televiziyanın sovet dövründə başqa özəllikləri var idi. Amma müstəqillik dövründən sonra Azərbaycan televiziya məkanı birkanallı televiziyadan çoxkanallı televiziya şəbəkəsinə çevrildi. İndi müstəqil televiziya kanalları, radio sahəsində yeni layihələrin gerçəkləşdirilməsi bunlar hamsı real tarixi faktlardır və mədəniyyətimizin bir parçasıdır".
Qulu Məhərrəmli vurğulayıb ki, günümüzdə televiziyanın internet kimi rəqibi var:
"Bu gün televiziya auditoriyası parçalanmış şəkildədir. Çünki televiziyanın internet kimi rəqibi var. Dünya təcrübəsi göstərir ki, yaxşı televiziyalar internetin mövcudluğundan faydalana bilir. Qarşılıqlı əlaqədə öz inkişafını təmin edə bilir. İnternet vasitəsilə öz məhsullarını yaya bilir, internetdən platforma kimi istifadə edə bilir. Beləliklə, tamaşaçı auditoriyasını saxlaya bilir. Burda digər bir məsələ, şübhəsiz ki, televiziyada tamaşaçı zövqünü oxşayan yaxşı verilişlərin, xüsusən, informasiya proqramlarının, maarifçi proqramların hazırlanması və auditoriyaya çatdırılmasıdır. Ona görə də, bizim televiziya məkanımız bu problemləri həll etməlidir. İndi yerli televiziyalardan razı olanlar da var, narazı qalanlarda. Bütün hallarda son illərdə nöqsanlara baxmayaraq, bizdə yüksək televiziya mədəniyyəti formalaşıb. Televiziyanın qanunvericilik bazası inkişaf edib. Maraqlı verilişlər, yaxşı tele-jurnalistlər, aparıcılar bunlar hamsı günümüzün reallıqlarıdır. Əlbəttə, tamaşaçı tələbatının tələb hüdudları yoxdur. Dünya televiziyası ilə müqayisədə daha parlaq şəkildə göstərilir. Çünki bu gün Avropada da televiziya cəmiyyətin əsas tələblərini, informasiya təlabatını ödəyən vasitədir. Ona görə də televiziyaya tələblər ordan qaynaqlanır".
Lalə Qafarova