Həmas şənbə günü azad ediləcək girovların adlarını açıqlayıb

Tarix: 17:42 14.02.2025
Girovlar və İtkin Ailələr Forumu Aleksandr Troufanov (solda), Yair Horn (mərkəzdə) və Sagui Dekel-Chen (sağda) eyni kibbutzdan götürülüb.
Həmas atəşkəsin gələcəyi ilə bağlı narahatlıqlar fonunda, şənbə günü fələstinli məhbuslarla dəyişdiriləcək üç girovun adlarını açıqlayıb. Onlar rus-İsrail əsilli Aleksandr Troufanov, Argentina-İsrail əsilli Yair Horn və ABŞ-İsrail əsilli Sagui Dekel-Chen-dir.
İsrail, girovların vaxtında buraxılmaması halında bombalamaları bərpa edəcəyini bildirib. Bu xəbərdarlıq, Həmasın İsrailin atəşkəsi pozduğunu iddia edərək buraxılışları təxirə saldığını bəyan etməsindən sonra gəlib.
Prezident Tramp isə Hamasın bütün girovları şənbə günü günorta saatlarına qədər azad etməməsi halında atəşkəsin ləğv edilməli olduğunu söyləyib.
19 yanvardan etibarən başlayan atəşkəs müddətində 16 israilli və beş tailandlı girov İsraildə saxlanılan 566 məhbusun buraxılması qarşılığında azad edilib.
Atəşkəsin ilk altı həftəsində ümumilikdə 33 girovun təxminən 1900 fələstinli məhbus və ya saxlanılan şəxslə dəyişdirilməsi nəzərdə tutulub.
Müharibə, Həmasın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu ilə başlayıb. Həmin hücum zamanı silahlılar təxminən 1200 nəfəri öldürüb və 251 nəfəri girov götürüb. O vaxtdan bəri Qəzzadakı Həmas-ın idarə etdiyi Səhiyyə Nazirliyinə görə, İsrailin hücumları nəticəsində 48,230-dan çox insan həyatını itirib.
Hələ də 7 oktyabrda girov götürülən 73 girov Qəzzada saxlanılır. Bundan əlavə, Qəzzada on ildən çoxdur saxlanılan üç israilli girov var ki, onlardan biri ölüdür.
Aleksandr Troufanov (29 yaş), Yair Horn (46 yaş) və Sagui Dekel-Chen (36 yaş) hamısı Qəzzanın kənarındakı Nir Oz kibbutzundan qaçırılıb.
Atəşkəs başladığı gündən bəri tərəflər iddia edilən pozuntularla bağlı qarşılıqlı tədbirlər görərək, gərgin vəziyyətdə qalıb. ABŞ, Misir və Qətər vasitəçilərinin intensiv səyləri onun pozulmasının qarşısını almağa nail olub.
İsrail ,xüsusilə girovların azad edilməsi səhnələrindən narazı qalıb – girovlar silahlı şəxslərin yanında və izdihamlı tamaşaçılar önündə nümayiş etdirildikdən sonra xaotik şəraitdə Qırmızı Xaça təhvil verilir. Öz növbəsində, Həmas İsraili, atəşkəs şərtlərinə əsasən Qəzzaya daxil edilməli olan çadır və humanitar yardımların miqdarını maneə törətməkdə ittiham edir.
BBC
Nuray Qurbanlı