Zəngəzur Dəhlizi: Ermənistanın Yeni Yanaşması və Azərbaycanın Tələbləri

Bölmə: Siyasət › ,
Tarix: 21:02 17.02.2025

Ermənistanın ‘’Hraparak’’ nəşri İrəvanın Zəngəzur dəhlizi ilə bağlı Bakı ilə razılığa gəldiyini yazıb. Nəşr yazır ki, hakim qüvvələr maneəsiz keçid anlayışını gündəmə gətirir və cəmiyyəti tədricən buna hazırlayır. Nəşr Paşinyanın və Simonyanın ifadələrini nümunə gətirərək xəbəri təsdiqləyir. 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a siyasi şərhçi Sultan Zahidov bildirib ki, hadisələrin hazırki gedişinə nəzər salsaq, Zəngəzur dəhlizinin 2025-ci ildə açılacağına qarantiya verə bilmərik: 

 

"Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı guya müsbət açıqlamalar verilir və deyilir ki, Ermənistan tərəfi dəhlizlə bağlı sadələşdirilmələri həyata keçirmək niyyətindədir. Yəni bu o deməkdir ki, Azərbaycan vətəndaşları sadələşdirilmiş nəzarət mexanizmlərindən keçərək Naxçıvana hərəkət edə biləcəklər. Sözsüz ki, bu variant da Azərbaycanı qane etmir. Azərbaycan birmənalı şəkildə üçtərəfli bəyənatın 9-cu maddəsinin reallaşmasını istəyir. Yəni, heç Azərbaycan vətəndaşları bir maneə olmadan Ermənistan üzərindən Naxçıvana keçməlidir. Digər tərəfdən, Ermənistan dəhliz üzərinə nəzarətin özlərində olmasını istəyir. Bu da problemli məqamdır. Çünki Azərbaycan təhlükəsizlik zəmanəti istəyir. Əfsuslar olsun ki, Ermənistan sərhədçilərinin və ya hərbiçilərinin dəhlizə nəzarət etməsi Azərbaycan üçün təhlükəsizlik zəmanəti deyildir. Ermənistan Azərbaycana Mehri üzərindən təklif irəli sürüb ki, bununla da o Zəngəzur dəhlizi məsələsini uzatmağa çalışır. Bu da onu göstərir ki, Ermənistan dəhlizin üçtərəfli bəyənatda nəzərdə tutulan formada açılmasında maraqlı deyil. Digər tərəfdən, İran da dəhlizin açılmasında maraqlı deyil. Belə olan halda Zəngəzur dəhlizi ətrafındaki bu geosiyasi müəmma daha da genişlənir və dalana dirənir. Hadisələrin hazırki gedişinə nəzər salsaq, Zəngəzur dəhlizinin 2025-ci ildə açılacağına qarantiya verə bilmərik. Ermənistan müxalifəti də dəhlizin açılmasına qarşıdır. Müxalif qüvvələr Paşinyanın ünvanına təhqiramiz ifadələr işlədir və onlara görə Paşinyan Ermənistanın cənubunu Azərbaycana vermək niyyətindədir".

 

Eyni zamanda, siyasi şərhçi qeyd edib ki, Azərbaycan hərbi yolla həll etməli olduğu məsələləri artıq həll edib, digər məsələlər isə diplomatik yolla həll edilir. Əgər Zəngəzur dəhlizi açılmayacaqsa, Azərbaycan və Ermənistan arasında kommunikasiyalar açılmayacaqdır. Azərbaycan Araz dəhlizi vasitəsilə Naxçıvana kommunikasiyanı təmin etməkdədir. Eyni zamanda, Türkiyə ilə layihələr icra edilir. Bütün bu hallarda itirən tərəf Ermənistan olacaqdır. Ona görə də Ermənistan üçün də ən rasional seçim Zəngəzur dəhlizinin açılması və Azərbaycanla kommunikasiyaların bərpasıdır.

 

Günel Verdiyeva